Tanınmış maestro Mstislav Rostropoviç Bakıya gəlib

Dünyada tanınmış maestro Mstislav Rostropoviç Azərbaycana gəlib. O Azərbaycanda Rusiya ili çərçivəsində fevralın 20-dən 26-dək Bakıda Rusiyalı bəstəkar Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq festivalda iştirak edəcək. Cənab Rostropoviç, Azərbaycanda XX əsrin dahi bəstəkarlarından olan və Bakını çox sevən Dmitri Şostakoviçin yubileyinin keçirilməsini yüksək qiymətləndirib. «Mən festivalın prezidenti kimi onun yüksək səviyyədə təşkili üçün əlimdən gələni edəcəyəm»-deyə o vurğulayıb AzərTAC agentilyinin məlumatına görə, Mstislav Rostropoviç Məhəmməd Peyğəmbərin karikaturasının dərc olunması ətrafında yaranan qalmaqalı da şərh edib: “Söz azadlığı, öz fikrini söyləmək hüququ vicdanın ziddinə olmamalıdır. Danimarkanın karikaturaçı rəssamlarının heç cür haqq verilməyən davranış tərzi və seçmələri təkcə müsəlmanların deyil, bütün mütərəqqi bəşəriyyətin hisslərini təhqir edib. Bu, şəxsən mənə çox toxunub”. Cənab Rostropoviç Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərindən danışarkən bildirib ki, «bu münasibətlər həsədaparıcı sürətlə inkişaf edir, şəxsən məndə heyranlıq və iftixar hissləri oyadır”.