Azərbaycan Pekin Olimpiadasında 44 idmançı ilə təmsil olunacaq

Azərbaycan Pekin Yay Olimpiya oyunlarında 44 lisenziya ilə təmsil olunacaq. Əsas yığma komanda avqustun 6-da Pekinə yola düşəcək. Bu barədə idman və gənclər naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O Azərbaycanın Pekində iştirak edəcək rəsmi nümayəndə heyətinə Federasiyaların rəhbəri olan rəsmi şəxslərin daxil olduğunu deyib. Nazir, eyni zamanda, idmançıların ölkə prezidentinin rəsmi nümayəndə heyətinə rəhbərlik etməsini arzuladığını bildirib. Belə ki, Azərbaycan prezidenti həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.

Cənab Rəhimov idmançıların əsasən güləş, boks, atçılıq və atıcılıq idman növlərində medallar qazanacağına ümid edir

A.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin iyulun 28-29-da idmançıları qəbul edəcəyi gözlənilir. Nazirin dediyinə görə, olimpiya medalı qazanmış idmançılara və onların məşqçilərinə veriləcək pul mükafatlarının miqdarı təxminən iki dəfə artırılacaq və bu ildən mükafatlar Azərbaycan manatı ilə veriləcək.
Nazir həmçinin bildirib ki. Azərbaycanda hazırda 13 olimpiya kompleksi fəaliyyət göstərir, 23 olimpiya kompleksi isə tikilməkdədir. Onun sözlərinə görə, Lənkəran, Bərdə və Şamaxıda olimpiya komplekslərində işlər pis qurulub.

Cənab Rəhimov Qusar rayonu ərazisində qış idman oyunları üçün kompleksin tikintisinə hazırlıq işləri aparıldığını bildirib. Onun sözlərinə görə, Avstriyanın məşhur şirkəti burada müşahidələr aparıb və idman kompleksinin tikintisi ilə bağlı müsbət rəy verib.

Nazir həmçinin ölkədə 20-30 min gəncin daim narkotiklərdən istifadə etdiyini də etiraf edib. Cənab Rəhimov nazirliyin narkomanlığın aradan qaldırılması məqsədi ilə maarifləndirmə işləri apardığını və "narkomaniyaya yox!" devizi ilə idman yarışları təşkil etdiyini bildirib.