2004-2008-ci illəri əhatə edən Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı vaxtından əvvəl və
nəzərdə tutulduğundan daha böyük həcmdə həyata keçirilib. Bu barədə Azərbaycan
prezidenti İlham Əliyev proqramın
icrasının yekunlarına həsr edilmiş konfransda bildirib.
Onun sözlərinə görə, beş il ərzində 766 min iş yeri açılıb, 1600 yeni məktəb, yüzlərlə tibb müəssisəsi, o
cümlədən dünya standartlarına cavab verən 8 diaqnostika mərkəzi tikilib və 8-də
tikilməkdədir.
Dövlət başçısının fikrincə, artıq Azərbaycan iqtisadiyyatı oturuşmuş iqtisadiyyatdır. Ölkənin tikinti şirkətləri istənilən böyük layihələri reallaşdıra bilir. Bununla yanaşı, prezident Azərbaycanın dünyanı bürüyən maliyyə-iqtisadi böhrandan üzüağ çıxacağını deyib.
Cənab Əliyev son beş ildə ölkədə 4 yeni aeroport tikildiyini, müxtəlif istiqamətlərdə yeni magistral yollar çəkildiyini, tanker donanmasının yeniləşdirildiyini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edildiyini diqqətə çatdırıb. Ölkənin qazlaşdırılması 85 faizə çatdırılıb, və yaxın illərdə qazlaşdırma 93 faizə çatdırılacaq. 1000 meqavatt gücündə 9 elektrik stansiyası tikilib. Bu il 600 meqavattlıq daha iki stansiya təhvil veriləcək. Ümumi gücü 1000 meqavatt olan daha 2 stansiyanın tikintisi isə davam etdirilir.
Prezident regionların sosial iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illər üçün növbəti proqramın hazırlandığını da bildirib. Onun dediyinə görə, növbəti beş ildə bütün infrastruktur layihələri başa çatdırılacaq, qeyri neft sektorunun daha da inkişafına təkan veriləcək. Ölkənin içməli su problemi həll ediləcək, suvarma, melorasiya, ekoloji proqramların həyata keçirilməsi prioritet təşkil edəcək.
İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, son beş ildə regionlara ayrılan büdcə vəsaiti 6 dəfə artırılıb və bu 2009-cu ildə 3,9 milyard manat təşkil edəcək.
Müstəqil ekspertlər də regionların sosial-iqtisadi problemlərinin həllini vacib sayır. Onların fikrincə, iqtisadiyyatın şaxələnməsi və kənd təsərrüfatının inkişafı istiqamətində hökumət səylərini artırmalıdır. Azərbaycanın keçmiş baş naziri, Milli Məclisin deputatı Əli Məsimli hesab edir ki, yerlərdə yüksək əmək haqqı olan iş yerlərinin açılmasına, elektrik və qaz sahəsində problemlərin həllində olan irəliləyiş kimi, su ilə təchizat sahəsində də işlər görülməlidir.