Azərbaycan Milli Məclisi 100 səs lehinə, 7 səs əlehinə olmaqla Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu il martın 18-də referendum keçirilməsi barədə qərar qəbul edib. Konstitusiyaya əlavələr və dəyişikliklər təklifini iqtidarda olan “Yeni Azərbaycan” partiyasının üzvü olan deputat qrupu irəli sürüb.
Referenduma eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi haqqında məsələni çıxarmaq nəzərdə tutulur. Təklif edilən dəyişikliklər həm də hərbi əməliyyatlar zamanı prezident və parlament seçkilərinin təxirə salınmasını; 40 min və daha çox imza topladıqda vətəndaşlara qanunvericilik təşəbbüsü hüququnun verilməsini; bir şəxsin iradəsinə zidd olaraq video və foto çəkilişlər, audio yazılar aparılmasının qadağan edilməsini; bələdiyyələrin parlament qarşısında hesabatlılığının tətbiqini; sabiq prezidentlərin maddi vəziyyətinin təmin edilməsini nəzərdə tutur.
Milli Məclisdə müzakirələr qarşılıqlı tənqid şəraitində keçib. Müxalifətdə olan deputatlar keçiriləcək referendumu monarxiyaya aparan yol, iqtidarı dəstəkləyən deputatlar isə sosial sifariş adlandırıb.
Hakim “Yeni Azərbaycan” Partiyasının üzvü Nizami Xudiyev düzəlişləri və xüsusən eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə olan məhdudiyyətin ləğvini “sosial sifariş” adlandırıb. Deputat qeyd edib ki, hazırkı prezident İlham Əliyevin alternativi yoxdur. O, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.
“Ümid” partiyasının lideri İqbal Ağazadənin fikrincə, Konstitusiyaya təklif edilən əlavələr hakim partiyanın təşəbbüsü ilə hazırlanıb. Təşəbbüskarlar Konstitusiyaya dəyişikliklər edilməsi zərurətini ölkənin inkişaf nailiyyətləri ilə əlaqələndirir. Amma demokratik cəmiyyətlərdə inkişaf baş verdikdə hüquqlar genişləndirilir, məhdudlaşdırılmır. Cənab Ağazadə məhdudiyyətlərin ləğv edilməsinin insan haqlarına xidmət kimi arqumentləşdirənlərə cavab olaraq rişxəndlə deyib ki, elə isə prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə və hətta evlənmək üçün qoyulan yaş həddini də aradan qaldırın.
“Böyük Quruluş” partiyasının rəhbəri Fazil Qəzənfəroğlu istehza ilə Konstitusiyaya “YAP-ın rəhbər və istiqamətləndirici rolu haqqında” daha bir düzəliş etmək zərurətini önə çəkib. Onun sözlərinə görə, hökumətdə digər partiyalara qərargah üçün bina verilməsi barədə belə düşünülmür. Biz bina yox, 4 sot torpaq istəyirik ki, imkanlı adamlara müraciət edək ki, digər partiyalara qərargah tikdirsinlər. Bundan da vaz keçilir.
“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı müxalifətin konstitusiya dəyişikliklərinə münasibətini pisləyib. Onun fikrincə, hətta müxalifət liderlərinin bəyanatları öz partiya fəalları tərəfindən belə dəstəklənmir.
Müzakirələrdə ən maraqlı məqam “Musavat” deputat qrupunun adından deputat Pənah Hüseynin çıxışı və ona cavablar idi. Cənab Hüseyn qeyd edib ki, bütün digər düzəlişlər eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin Konstitusiyadan çıxarılması təklifini ört-basdır etmək məqsədi daşıyır. Bu, antidemokratik düzəlişdir və Azərbaycanın vətəndaş cəmiyyəti bu düzəlişlərin əleyhinədir. Deputat dünyadakı demokratik və qeyri demokratik ölkələri müqayisə edərək “İlham Əliyev Robert Muqabenin, yoxsa Corc Vaşinqtonun yolunun tutacaq” deyə parlament çoxluğundan sual edib.
Buna ilk cavabı spiker Oqtay Əsədov verib. “İnşallah yaşayarıq görərik”.
YAP sədrinin müavini Əli Əhmədov isə konstitusiya dəyişikliyini demokratiyanın genişləndirilməsi sayır. Onun fikrincə, son sözü xalq deyəcək və bu hətta üç prezidentlik müddətindən çoxu da ehtiva edə bilər.
YAP icra katibini müavini Səyavuş Novruzov martın 18-nə təyin edilmiş referendumu xalqa novruz hədiyyəsi kimi xarakerizə edib. O eyni zamanda müxalifətə alternativ namizədlər və təkliflər irəli sürməyi də məsləhət bilib.
Parlamentdə təmsil olunan siyasi partiyalardan Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı referendum aktının əleyhinədir. Eyni zamanda o bu addımın çox tələsik atıldığını da deyir.
Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə isə bitərəfdir. Yəni referendum aktı sadəcə partiya sədrinin xoşuna gəlmir.