Yazıçı Rafiq Tağının «Sənət» qəzetində dərc olunmuş "Avropa və biz" məqaləsi ilə bağlı Cinayət Məcəlləsinitn milli, irqi və dini düşmənçiliyi qızışdırmaq maddəsilə cinayət işi başlanıb. Onu 2 ildən 5 ilədək həbs gözləyir. Bu barədə Respublika Prokurorluğunun məlumatında deyilir.
Məlumata görə, məqalədə "islam dinini təhqir edən fikirlər" yer alıb. Dindarlar da məqaləyə kəskin etiraz bildirib. Qafqaz Müsəlmanları İdarəsi yazı ilə bağlı Mətbuat Şurasına müraciət etsə də, dindarlığı ilə ölkədə seçilən Bakının Nardaran qəsəbə sakinləri yazıçının ölümünə fitva verdiklərini bəyan edib. Dindarlar hesab edir ki, məqalədə islam dini və Məhəmməd peyğəmbər təhqir olunub.
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib ki, dünən Rafiq Tağı və «Sənət» qəzetinin baş redaktoru Baş Prokurorun birinci müavini tərəfindən qəbul olunaraq xəbərdarlıq edilib. Hazırda prokurorluq cinayət işi üzrə araşdırma aparır.
Rafiq Tağı isə «Amerikanın səsi» radiosuna müsahibəsində məqsədinin peyğəmbəri təhqir etmək olmadığını deyib. O fəlsəfi-esse üslubunlda yazdığı məqalədə Avropa və şərq mədəniyyətlərini qarşı-qarşıya qoyduğunu iddia edir.
Mətbuat Şurasının üzvü Mehman Əliyev hesab edir ki, hər hansı yazıya görə insana ölüm fitvası verilməsi düzgün deyil. Hüquqi dövlətdə qanun və məhkəmə var. Onun fikrincə, məqalə ilə bağlı cinayət işinin başlanması da artıq hərəkətdir. İlk öncə, yazı din xadimlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Mətbuat Şurasında müzakirə olunmalıdır.