Azərbaycan Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidməti ölkəyə quş qripi keçməsi ehtiamlını azaltmaq məqsədilə diri quş satışına qadağa qoyub. Eyni zamanda, dövlət baytarlıq xidməti bazarlarda quş əti satışına və ölkə ərazisində quş ətindən hazırlanmış dönər satışına qadağa qoyub. Bu barədə ölkənin baş baytarı İsmayıl Həsənov Amerikanın səsi radiosuna bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya, Türkiyə, İran, Gürcüstan, Cənub-Şərqi Asiya və bir sıra Avropa ölkələrindən quş əti idxalını dayandırıb. İ.Həsənov ölkədəki bütün quşçuluq fermalarının qapalı rejimdə işlədiyini bildirib. «Biz quş ovuna da qadağa qoymuşuq. Hər gün çöl quşlarının monitorinqini aparırıq». Səhiyyə Nazirliyi isə bildirir ki, Azərbaycanda quş qripi hallarına yol verməmək üçün Rusiyadan xüsusi dezinfeksiya avadanlığı – 9 maşın və 200 çiləyici aparat, habelə xəstə quş leşlərini məhv etmək üçün maşın alınıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin köçəri quşların qışlama yerlərində birgə keçirdikləri 7 monitorinq zamanı quş qripi halları aşkar edilməyib. Səhiyyə Nazirliyində dezinfeksiya aparatlarının, bu xəstəliyin müalicəsində daha səmərəli vasitə olan “Tamiflu” dərmanının ehtiyatı yaradılıb. Mətbuat xidməti bildirir ki, hazırda virusologiya laboratoriyalarının imkanlarını gücləndirmək üçün beynəlxalq təşkilatlarla, habelə ABŞ-ın Müdafiə Nazirliyi ilə danışıqlar aparılır və yaxın günlərdə zəruri diaqnostika zərdablarının gətirilməsi gözlənilir.