Dünya Bankının Direktorlar Şurası Azərbaycanda quş qripi virusunun profilaktikası, xəstəliyin yayılmasının qarşısnı almaq və reaksiya tədbirlərini maliyyələşdirmək məqsədi ilə 5,1 milyon ABŞ dolları məbləğində vəsait ayrılmasını qərara alıb.
Vəsait “İnstitusional quruculuğa ikinci texniki yardım (IBTA II)” layihəsinin restrukturizasiyası yolu ilə ayrılmışdır. Restrukturizasiya olunmuş layihə baytarlıq xidmətləri, insan sağlamlığı, ictimai məlumatlandırma və layihənin icrasına yardım komponentlərindən ibarətdir.
Dünya Bankı baytarlıq və tibb avadanlığı sahəsində ən təcili ehtiyacların ödənilməsi üçün Azərbaycana artıq müəyyən yardım göstərməkdədir. Bankın maliyyələşdirdiyi iki layihə çərçivəsində ləvazimatlar alınmışdır. Bu layihələrin əsas məqsədləri sırasına, müvafiq olaraq, baytarlıq xidmətləri və səhiyyənin inkişaf etdirilməsi daxildir.
Quş qripi ilə mübarizə tədbirləri üçün əlavə yardım, hazırda hazırlanmaqda olan iki layihə çərçivəsində planlaşdırılır. Bu layihələrdən birincisi “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsinin II mərhələsi problemin baytarlıq aspektləri, “Səhiyyə sektorunun islahatları” layihəsi isə insan sağlamlığı aspektləri ilə bağlı yardım göstərəcəkdir