Azərbaycanda üç jurnalist həbs cəzasına məhkum edilib


“Azadlıq hərəkatçıları” Birliyinin rəhbəri Təhmasib Novruzovun iddiası əsasında Nizami rayon məhkəməsi “Nota” qəzetinin baş redaktoru vəzifəsini icra edən Sərdar Əlibəyli və qəzetin əməkdaşı Fərəməz Allahverdiyevin 3 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Daha bir əməkdaş Ramiz Tağıyev isə 6 ay islah işlərinə məhkum edilib.
Sərdar Əlibəyli “Amerikanın səsi” radiosuna bildirib ki, hakim Ziya Əliyev onu Cinayət Məcəlləsinin təhqir, Fərəməz Allahverdiyev və Ramiz Tağıyevi isə ağır cinayət törədilməsi ilə bağlı böhtan maddəsi ilə təqsirli bilib. Amma hökmün icrası təqsirləndirilənlərin apelyasiya şikayətlərinə baxılmasına qədər təxirə salıb. Apelyasiya şikayətinə 20 gün müddətində baxılmalıdır.
Cənab Əlibəylinin dediyinə görə, Təhmasib Novruzovun məhkəməyə müraciətinə 2009-cu ilin mart-aprel aylarında “Nota” qəzetində dərc edilən məqalələr səbəb olub. Bu yazılarda Novruzovun maliyyə fırıldaqlarında iştirak etdiyi iddia olunur.
Allahverdiyev və Əlibəyli artıq bir dəfə böhtana görə cinayət məsuliyyətinə cəlb olunub. 2007-ci ilin yanvarında Allahverdiyev 2 il həbs cəzasına, Əlibəyli isə 1,5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin elə həmin ilin dekabrında Allahverdiyev əfv olunub.