Azərbaycan Dövlət Neft
Şirkəti (ARDNŞ) 2009-cu ildə Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi
açmağı planlaşdırır. Bununla da ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma
məntəqələrinin ümumi sayı 60-a çatacaq. Bu barədə ARDNŞ prezidenti Rövnəq
Abdullayev bildirib.
Onun sözlərinə görə, bu ilin avqustunda ARDNŞ
Gürcüstanın Poti şəhərində bir yanacaqdoldurma məntəqəsi açıb, yaxın vaxtlarda
isə Kutaisi şəhərində və Gürcüstanın digər əyalət mərkəzlərində yanacaqdoldurma
məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
ARDNŞ cari ilin aprelində Gürcüstanın Rustavi şəhərində
SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksi
istifadəyə verib. Şirkətin törəmə müəssisəsi olan “SOCAR Energy-Georgia” MMC
isə indiyədək Gürcüstan iqtisadiyyatına 400 milyon ABŞ dollarından çox sərmayə
qoyub.