Azərbaycanda İrandan gətirilən 90 kiloqram narkotik maddə zərərsizləşdirilib

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşıyan bir qrup şəxs zərərsizləşdirilib, onlardan 90 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Xəbərdə deyilir ki, 2008-ci il dekabrın 11-də İran vətəndaşı Gholizadeh İlekhcisofla Ahmad Abolghasem, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və qeyriləri qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib tamah niyyətilə külli miqdarda pul müqabilində sövdələşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş narkotik vasitələri - 82 kiloqram 500 qrama yaxın həşişi, 5 kiloqramdan artıq heroini və 2 kiloqrama yaxın tiryəki gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib. Milli Təhlükəsizlik Nazirliyi çevik əməliyyat tədbirləri nəticəsində 2008-ci il dekabrın 12-də cinayətkar qrupun üzvləri saxlayıb və onlardan 90 kiloqrama yaxın həmin narkotik vasitələri götürüb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işi başlanıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.