ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan ictimaiyyətini kompromislərə hazırlamağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri- amerikalı Metyu Brayza, fransalı Bernar Fasye və rusiyalı Yuri Merzlyakov regiona yanvarın 23-dən 27-dək keçirilən səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb. Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin nümayiş etdirdiyi konstruktiv yanaşmadan razı qaldığını bildirir. «Həmsədrlər qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplər toplamının tamamlanması yolunda Ermənistan və Azərbaycan liderləri tərəfindən göstərilən konstruktivlik onları ruhlandırır». Diplomatlar həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü və həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbulunu xatırladır.

«Həmsədrlər görüşdüyü bütün tərəflərin səylərini qiymətləndirir. Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinin tapılması işində məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür və Minsk Qrupunun həmsədrləri onlara bu işdə yardım edəcək. Prezidentlər öz milli maraqlarını fəal müdafiə etməkdədir, lakin bunu sülh prosesinin davamına imkan yaradan bir tərzdə edirlər». Həmsədrlər həm də münaqişə tərəflərini danışıqlarda əldə olunmuş nəticələri qoruyaraq öz dövlətlərinin ictimaiyyətini kompromislərə hazırlamağa çağırır. «Eyni zamanda həmsədrlər tərəflər arasınada inamın və anlaşmanın səviyyəsinin artırılması üçün tərəfləri etimad yaradan tədbirlərin axtarışına və atəşkəs rejiminin qorunmasına çağırır»-deyə sənəddə qeyd olunur.

Politoloq Eldar Namazov «Amerikanın səsi» radiosuna müsahibəsində həmsədrlərin bəyanatına müsbət yanaşdığını bildirib. Onun fikrincə, danışıqların gizli məqamları geniş ictimaiyyət üçün açılmalıdır. Çünki Azərbaycan və Ermənistan hakimiyyətləri ictimai rəydən çox narahatdır. Cənab Namazov münaqişə üzrə sülh sazişi bağlanarsa Azərbaycanda Dağlıq Qarabağa müxtariyyət verilməsi məsələsi ilə bağlı referendum keçirilməsinin vacibliyini deyib. Ancaq o da, digər politoloqlar kimi, yalnız Dağlıq Qrabağda yaşayan insanların iştirakı ilə hər hansı referendumu real saymır. Politoloq Azərbaycan qanunvericiliyində belə normanın olmadığını da yada salıb.