Daxili İşlər nazirinin hüquq müdafiəçisinə qarşı iddiasına baxılır  

Bu gün daxili İşlər naziri Ramil Usubovun "Sülh və Demokratiya" institutunun direktoru Leyla Yunusa qarşı iddiası əsasında Nəsimi rayon məhkəməsində hazırlıq iclası başlayıb. Məhkəmə zalına ictimaiyyətin, diplomatik korpusların, beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri və jurnalistlər olub. Hakim Şahin Abdullayev ayaq üstə qalan insanların zalı boşaltmasını istəyib. Bu zaman diplomatlar stullarını ayaq üstə qalmış insanlara verib və məhkəmə icraçıları diplomatlarla üz-üzə qalıb. Vəziyyətin gərginliyini görən hakim əlavə stullar gətirtdirib və iclas başlayıb. Beləliklə, prosesdə ABŞ, Fransa, Almaniya, Norveç, Böyük Britaniya səfirliklərinin və ATƏT nümayəndələri də iştirak edib.
Daxili İşlər naziri xanım Yunusu polisi təhqir etməkdə günahlandırır, təkzib verməsini, üzr istəməsini və zərər müqabilində 100 min manat ödəməsini tələb edir.

Nazirin nümayəndəsi Dableyka Quliyev ittihamın siyasi xarakter daşımadığını bildirir.

Vəkil Isaxan Aşurov məhkəmənin ilk öncə tərəfləri barışdırmaq təklifi ilə çıxış etməsini vacib sayır. Tərəflərin mövqeləri isə bir-birindən çox fərqlidir. Bu cənab Aşurov və Quliyevin dialoqundan da aydın görünür.