Avropanın mədəniyyət nazirləri Bakıda toplaşıb

Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı işə başlayıb. Konfransda Avropa Mədəniyyət Razılığı Müqaviləsini imzalamış 40-dan çox ölkənin, o cümlədən 16 ölkənin mədəniyyət naziri, 18 ölkənin nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edir.

Konfransda əsasən Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan ölkələrarası dialoqun praktik inkişafı, səmərəli fəaliyyət mexanizmi, müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinin vacibliyi diqqətdədir. Bakı konfransı həm də Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev Avropa mədəniyyət nazirlərinin uzun fasilədən sonra Bakıda toplanmasını Azərbaycan üçün vacib hadisə adlandırıb. Onun fikrincə, konfransda Avropa regionu ilə yanaşı islam dövlətləri və təşkilatlarının iştirakı dialoqun gələcəkdə inkişafına da təkan verəcək.

Avropa Şurası Baş katibi Terri Devis bildirib ki, Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsi gözəl fürsətdir. “Dünyanın dialoqa ehtiyacı var və konfrans da həmin zərurətdən irəli gəlib. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında son dərəcə mühüm rola malikdir, Avropa ilə Asiya arasında körpü rolunu oynayır”.

Baş katib Ermənistanın Bakıda keçirilən konfransa qatılmamasını bu ölkə üçün itki adlandırıb. “Mən şadam ki, Azərbaycan konfransa Ermənistanın nümayəndə heyətini dəvət edib. Amma çox təəssüf edirəm ki, Ermənistanın nümayəndə heyəti gəlməyib. Bununla Ermənistan həm də özünü əlaqə qurmaq və müxtəlif məsələlərin, o cümlədən, abidələrin dağıdılması ilə bağlı problemlərin müzakirəsi üçün yaranmış imkanlardan məhrum edib”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməklə demokratik inkişaf baxımından sürətlə irəli gedib. Dövlət başçısı eyni zamanda, Azərbaycanda əsl tolerantlığın hökm sürdüyünü bəyan edib. O ölkənin inkişafının və ictimai-siyasi sabitliyin əsas amillərindən biri kimi millətlər və dinlər arası tolerantlığın olmasını önə çəkib. Cənab Əliyevin sözlərinə görə, həm dövlət, həm də xalqlar müxtəlif dinlərin və mədəniyyətlərin bərabər inkişafında dözümlüdür.

Prezident Cənubi Qafqazdakı mövcud duruma da toxunub. Onun fikrincə, Ermənistanın Azərbaycana təcavüzü bölgədə sülh və sabitliyə böyük təhlükədir. Qafqazda bütün münaqişələr həllini tapmalıdır, beynəlxalq hüquq normaları təmin olunmalıdır.

Dövlət başçısı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də beynəlxalq hüququn tətbiqi əsas vasitə olmalıdır.