Azərbaycanda prezidentlik dönəminin artırılması reallaşır

Milli Məclis «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsini rəy üçün Konstitusiya Məhkəməsinə göndərib. Referendum layihəsində eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin konstitusiyadan çıxarılması nəzərdə tutulur.

Təklif edilən dəyişikliklər həm də hərbi əməliyyatlar zamanı prezident və parlament seçkilərinin təxirə salınmasını; 40 min və daha çox imza topladıqda vətəndaşlara qanunvericilik təşəbbüsü hüququnun verilməsini; şəxsin iradəsinə zidd olaraq video və foto çəkilişlər, audio yazılar aparılmasının qadağan edilməsini; bələdiyyələrin parlament qarşısında hesabatlılığının tətbiqini; sabiq prezidentlərin maddi vəziyyətinin təmin edilməsini nəzərdə tutur.

Eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin konstitusiyadan çıxarılması məsələsi ilə bağlı referendum keçirilməsini iqtidarda olan “Yeni Azərbaycan” partiyası təklif edib və bu, cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Partiya təklifini insanın seçilmək azadlığını genişləndirmək istəyi ilə izah edir. Müxalifət və ictimai təşkilatlar isə bu addımı demokratiyanın hakimiyyətin dəyişilməsi zərurəti haqqında əsas prinsipinin pozulması kimi qiymətləndirir.

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iqtidar partiyasının təşəbbüsünü təbii qarşılamağı məsləhət bilir. Onun fikrincə, parlament hər bir təşəbbüsü müzakirə etməlidir.

Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər iqtidar partiyasının təklifini qeyri-demokratik adlandırır. Onun fikrincə, bu addım həm demokratik dəyərlərə, həm də Azərbaycanın maraqlarına ziddir. “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı təklifin iqtidar daxilindəki ziddiyyətlərlə bağlı olması barədə məlumatları tam təkzib edir. O müxalifəti qınayır.

Müxalifətdə olan AXCP sədri Əli Kərimli hesab edir ki, təklif hakimiyyətin iqtisadi siyasətinin iflasa uğramasından qaynaqlanır. Onun fikrincə, dünyadakı maliyyə böhranı indiyədək ucadan deyilən uğurlu neft siyasətini puça endirib. Artıq çoxsaylı iş yerləri ixtisar edilir. Cənab Kərimli hesab edir ki, iqtidarın hansı addım atmasından asılı olmayaraq kütləvi etirazlarla qarşılaşacaq.

“Demokrat” partiyasının sədri Sərdar Cəlaloğlu dövlət quruluşu ilə bağlı təklifin yalnız totalitar cəmiyyətlərdə irəli sürüldüyünü deyir.

YAP siyasi Şurasının üzvü Aydın Mirzəzadə konstitusiya dəyişikliyini Avropada yeni nümunə adlandırır.Onun fikrincə, Avropada monarxiyalar saxlanır, Azərbaycan isə bu yolla gedə bilməz.

“Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunus bir nəfərin iki dəfədən artıq prezident seçilməsi təklifini hətta Rusiyanın keçmiş prezidentinin belə qəbul etmədiyini diqqətə çatdırıb. Onun fikrincə, bu dəyişiklik Azərbaycanı daha çox Özbəkistana, Türkmənistana, Qazaxıstana və Belorusa yaxınlaşdırır.

“Müsavat” başqanı İsa Qəmbər həmçinin Azərbaycan ziyalılarının, elitasının məsələyə münasibət bildirməsini zəruri sayır. Onun fikrincə, tarixin belə anlarında hər bir ictimai-siyasi xadim münasibət bildirməlidir.

“Böyük Quruluş” partiyası da konstitusiyaya təklif edilmiş bu dəyişikliyi müdafiə etmir. Partiyanın lideri Fazil Qəzənfəroğlu eyni zamanda təklifi antidemokratik də saymır.

“Ədalət” partiyasının sədri İlyas İsmayılov hesab edir ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı təklif demokratik normalarla bir araya sığmır. Belə dəyişiklik ölkəyə mənfi imic gətirəcək.