Azərbaycanda konstitusiya günüdür  

Azərbaycanda konstitusiya günüdür. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra ilk konstitusiyasını 13 il öncə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edib. Konstitusiya görə, hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Əsas qanunda ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünməsi prinsipinə ciddi əməl edilməsi mühüm vəzifə kimi irəli sürülür, insan hüquq və azadlıqları dövlətin ali məqsədi elan edilir, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü tanınır. Sənədin əsas təyinatı da konstitusiya quruluşunun, insan hüquq və azadlıqlarının müdafiəsidir. Qanun eyni zamanda, dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyən edir, insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çox növlüyü və bərabərliyi, hakimiyyətin qanuni məhdudlaşdırılması və hamılıqla qəbul olunmuş demokratik dəyərləri özündə cəmləşdirir. Sənədin əsas prinsiplərdən biri də mülkiyyətin toxunulmazlığı və heç bir növünə üstünlük verilməməsi konsepsiyasıdır. Əsas qanun, həmçinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalınmasını, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərməsini, ölkənin təbiətini, xalqın tarixini, maddi və mənəvi irsinin qorunmasını dövlətin mühüm vəzifələri sırasına daxil edir. Bununla yanaşı, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev ölkədə konstitusiya islahatlarının vacibliyini qeyd edir. Onun fikrincə, hakimiyyətin bölgüsü sahəsində və bələdiyyələrlə bağlı konstitusiya dəyişikliyinə ehtiyac duyulur. O hesab edir ki, hökumət insan hüquq və azadlıqlarının yerinə yetirilməsi sahəsində də kardinal addımlar atmalıdır. Hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, konstitusiyanın əsas hissəsinin insan hüquq və azadlıqları təşkil etsə də reallıqda bu müddəaların yerinə yetirilməsində çoxsaylı problemlər mövcuddur. Onun fikrincə, əsas qanunda insanın fundamental hüquqlarının pozulması ilə bağlı birbaşa məsuliyyət müəyyən edilməyib. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə hökumətin bütün konstitusiya öhdəliklərini yerinə yetirdiyini deyir. Onun dediyinə görə, insanların sabitlik şəraitində yaşamaq hüququ, siyasi hüquqları, azad yaşayış yeri seçmək hüququ, təhlükəsizlik hüququ tam təmin edilib. Sosial hüquqlar sahəsində də hökumət ciddi addımlar atır. Müxalifətdə olan AXCP sədri Əli Kərimli isə konstitusiyadakı siyasi hüquqlarla bağlı çoxsaylı müddəaların yerinə yetirilmədiyini deyir. Onun fikrincə, ölkəni qanunlar deyil, siyasi rəhbərliyin iradəsi idarə edir. Cənab Kərimli həmçinin konstitusiyada hakimiyyət bölgüsü ilə bağlı islahatlara ehtiyac olduğunu bildirib. Onun fikrincə, əsas qanun prezidentə həddən artıq çox səlahiyyətlər verir. İstehlakçıların Hüquqlarını Müdafiə cəmiyyətinin sədri Eyyub Hüseynov konstitusiyada insanların sosial və mülkiyyət hüquqları ilə bağlı yüksək normaların olduğunu deyir. Ancaq real həyatda bu hüquqlar insanları qane edəcək dərəcədə təmin edilmir.