Azərbaycanda kiçik biznesin inkişafı üçün təkliflər paketi hazırlanıb

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ABŞ-ın Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə "Kiçik sahibkarlığın inkişafı yolları" adlı konfrans keçirib.
Fondun prezidenti Sabit Bağırov bildirib ki, tədqiqatlar Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması üçün bir çox imkanların olduğunu göstərir. Onun sözlərinə görə, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İctimai Vəsaitlərin Monitorinqi Mərkəzi, Bakı Siyasi Tədqiqatlar və Vəkillik Mərkəzi "Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə milli gündəlik" adlı təkliflər paketi hazırlayıb. "Bu sənəddə ifadə olunan təkliflər hazırlanarkən 1000 kiçik biznes nümayəndəsi arasında sorğu, 75 biznes lideri ilə aparılmış dərin müsahibələrdə daxil olmaqla tədqiqatlar aparılıb, eləcə də Azərbaycanda biznes fəaliyyətini tənzimləyən qanunlar və normativ aktlar təhlil edilib".
S.Bağırov sənədin ilk növbədə prezidentliyə namizədlərə, sonra hökumətə, parlamentə və ictimaiyyətə təqdim ediləcəyini deyib. "Təklif edirik ki, Kiçik Biznes üzrə Milli agentlik və milli ombudsman institutu təsis edilsin, Avropa İttifaqının bu sahə üzrə tərifləri və təsnifatı tətbiq edilsin, regional islahatlar keçirilsin, 2009-cu ildən sadələşdirilmiş vergi ödəmə sistemi üçün dövriyyə limiti iki dəfə artırılsın, gündəlik tələbat malları üçün ƏDV stavkası 10 faizədək endirilsin, ƏDV ödənilməsi qaydası təkmilləşdirilsin, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması haqqında qanun qəbul edilsin, sağlamlıq üçün təhlükə yaratmayan sahibkarlıq fəaliyyəti üçün lisenziyalaşdırma ləğv edilsin, mülkiyyət hüququnun qeydiyyatını tənzimləyən qanun qəbul edilsin, Mülkiyyət hüququnun qeydiyyatı üzrə "vahid pəncərə" prinsipi tətbiq edilsin, hüquqi və fiziki şəxslərin öz hesabına tikdiyi obyektlərin mülkiyyət hüququnun qeydiyyatı prosesində tələb olunan 13 sənədin sayı azaldılaraq 5-ə endirilsin, böyüklüyündən və məqsədlərindən asılı olaraq tikinti obyektlərinin təsnifatı müəyyən edilsin, tikintiyə icazə alınması sistemi sadələşdirilsin və vahid pəncərə sistemi tətbiq edilsin, qaiməsiz mal satışına qarşı sərt cərimələr tətbiq edilsin". Fondun prezidentinin sözlərinə görə, müəlliflər yoxlamaların tənzimlənməsi üzrə 6 təkliflə çıxış edib. "Yoxlamalar üzrə Nəzarət kitabı təqdim edilsin, İqtisadi İnkişaf nazirliyi altı ay ərzində 2000 sahibkarlıq subyekti üzrə yoxlamaların lazımlılığını təhlil etsin, yoxlamalar haqqında əvvəlcədən Sahibkarlıq Departamentinə məlumat verilsin, dövlət və özəl sektorda yoxlamalara qeyri-bərabər yanaşma aradan qaldırılsın".
Sənəddə həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı işlərə baxılması üçün andlılar məhkəməsinin yaradılması, xarici ticarət əməliyyatlarını asanlaşdıran, şəffaflığı yüksəldən və yüklərin gömrükdən keçirmə sürətini artıran Gömrük Məcəlləsinin qəbulu, gömrükdə "vahid pəncərə" prinsipinin tətbiqi təklif edilir.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, Azərbaycanın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafıdır. "İnkişaf etmiş iqtisadiyyatlarda isə kiçik və orta biznes iqtisadi artıma, yeni iş yerlərinin yaradılmasına təkan verir. Azərbaycan iqtisadi sahədə uğurlu nəticə əldə etmək istəyirsə, qeyri-neft sektorunda inkişafa nail olmaq istəyirsə kiçik və orta biznesin inkişafına təkan verməlidir".
Səfir hesab edir ki, biznesin inkişafı üçün ölkədə münbit şərait yaradılmalıdır. "Bunun üçün əsas amillərdən biri əmlak hüququnun qorunmasıdır. Böyük amillərdən biri də rəqabət mühitinin yaradılmasıdır. Kiçik və orta biznes məhz rəqabət mühitində inkişaf etməlidir".
Tədqiqatların nəticələri də maraqlıdır. Bu barədə Rasim Musabəyov məlumat verib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 70 faizi biznes mühitinin yaxşılaşdığını, 63 faizi isə rəqabət şəraitini ədalətli sayır. "Bununla yanaşı, sahibkarlıq subyektlərində yoxlamaların 55 faizini vergi orqanları aparıb, ikinci yerdə Fövqəladə hallar nazirliyi gəlir. Ədalətsiz yoxlamalarda da vergilər nazirliyi birinci, Fövqəladə hallar nazirliyi ikinci yeri alır. Bu bizim diqqətimizi cəlb edir və hesab edirik ki, araşdırmaya ehtiyac var".
R.Musabəyoov bildirib ki, respondentlərin 51,5 faizi qanun pozmadan bizneslə məşğul olmağı mümkün saymır. "Biznesmenlərin 35,7 faizi özünü məmur özbaşınalığından sığortalanmış hesab etmir". Politoloq İlqar Məmmədov bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşı olmasına neft pulları şərait yaradıb. "İnvestisiyalar neft pullarının bölüşdürülməsinə yönəlib. Azərbaycanda biznesin ictimai mühitə təsiri yoxdur. Bu səbəbdən də siyasi transformasiya baş vermir. Ölkədə lobbiçilik də icra orqanlarında edilir. Halbuki demokratik şəraitdə lobbiçilik parlamentdə edilir".