İranın Bakıdakı səfirliyi qarşısında «Ana dilində təhsil» şüarı ilə etiraz aksiyası keçirilib

İranda azərbaycanlıların sentyabrın 23-də ana dilində təhsil şüarı altınlda keçirdiyi etiraz aksiyaları Azərbaycan Respublikasında da müdafiə olunur. Bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatına dəstək komitəsi «Azərbaycan dilinldə təhsil» şüarı ilə İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Ondan çox fəalın polis tərəfindən saxlanmasına baxmayaraq etirazçılar öz şüarlarını səsləndirə bilib. Komitənin fəalı Tofiq Seyidov bildirib ki, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil uğrunda mübarizəsi dünya azərbaycanlıları tərəfindən müdafiə olunur. O İran rejiminin öz milli haqlarını müdafiə edənlərə qarşı zorakılığına etiraz aksiyaları ilə cavab veriləcəyini deyib. Piket iştirakçısı Nərgiz Abbaszadə isə ictimaiyyəti İranda yaşayan azərbaycanlıların ana dilində təhsil uğrunda mübarizəsinə dəstək vermyə çağırıb. Piketin qətnaməsində beynəlxalq təşkilatlardan mili haqlara hörmət etməyən İran rejimini pisləməsi xahiş olunur. «İran adlanan ölkədə yaşayan bütün millətlərə, xüsusilə 35 milyonluq azərbaycan türklərinə milli, mədəni haqlarının təmin olunmasında yardımçı olmağa çağırırıq»-deyə sənəddə qeyd olunur.