Bakıda İslam Konfransı ölkələri xarici işlər nazirlərinin 33-cü sessiyası açılıb. Sessiyada müşahidəçi və qonaqlar da nəzərə alınmaqla yüzədək ölkənin, o cümlədən BMT, AŞ, ATƏT və başqa aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.
İKT baş katibi Ekmeleddin İhsanoğlu bildirib ki, sessiyada təşkilatın gələcək on il üçün fəaliyyət proqramı müəyyən ediləcək. «Proqram İKT-nin sülhə və əmin-amanlığa yardım məqsədilə ümumdünya prosesinə təsirinin təminatını nəzərdə tutur. Xarici İşlər nazirləri forumun yekunu olaraq Bakı bəyannaməsini imzalayacaq. Sənəddə əsasən insan haqları, demokratiya, yoxsulluqla mübarizə, təhsilin inkişafı, infeksion xəstəliklərin yayılmasına qarşı mübarizəyə diqqət yönələcək. Bundan başqa, xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması məsələsini müzakirə edəcək, BMT TŞ-nin tərkibinin genişləndirilməsi təklifilə BMT Baş Assambleyasına müraciət edəcək. BMT TŞ bütün dövlətlərin, o cümlədən müsəlman ölkələrin də maraqlarını müdafiə etməlidir»-deyə baş katb qeyd edib.
Gündəliyə daxil olan məsələlərdən biri də İranın nüvə proqramı ətrafında vəziyyətdir. İraq, Əfqanıstan və Somalidə vəziyyət, Fələstin problemi, Ermənistan-Azərbaycan münaqişəsi də nazirləin diqqət mərkəzində olacaq.
Azərbaycan prezidenti İlham Əliyev sessiyanın islam ölkələri arasında həmrəyliyin daha da inkişafına təkan verəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın bütün islam ölkələri ilə siyasi əlaqələri yaxşıdır və beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir. Dövlət başçısı iqtisadi əlaqlərin inkişafında da ciddi irəliliyəşə nail olmağın vacibliyini önə çəkib.
Prezident təşkilat üzvlərini bəzi ölkələrin KİV-də terroru islamla eyniləşdirilməsinin narahat etdiyini bildirib. O hesab edir ki, islam ölkələri belə tendensiyalara qarşı mübarizədə səylərini birləşdirməlidir.
Cənab Əliyev islamofobiyanın güclənməsinin islam ölkələrində narahatlıq doğurduğunu da diqqətə çatdırıb. Onun fikrincə, bəzi ölkələr ümumi dəyərlərə söykənmək əvəzinə dinlərarası və millətlərarası qarşıdurmanı artırır.
Prezident Ermənistan-Azərbaycan münaqişənə də diqqət çəkib. O Azərbaycanın ərazi bütövlüyü daxilində problemin dinc yolla nizamlanmasına hazır olduğunu bildirib. Cənab Əliyevin sözlərinə görə, münaqişənin həlli ilə bağlı BMT-nin dörd qətnaməsi və İslam Konfransı Təşkilatının Ermənistanı işğalçı dövlət kimi tanınması barədə qərarı hələ də yerinə yetirilmir.
33-cü sessyiada təşkilata sədrlik Azərbaycana keçib. Bundan öncəki sədr, Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qirbi hesab edir ki, İslam Konfransı Təşkilatı islama hücumların qarşısını almalıdır. «Karikatura qalmaqalı islam dünyasında ciddi narahatlıq doğurub. İslam dünyasının reaksiyası göstərdi ki, müsəlman ölkələri faydalı hərəkət edə bilər. İslamın bütövlüyünün saxlanması üçün islamdaxili dialoq vacibdir».
İranın nüvə proqramı ətrafında vəziyyətə toxunan cənab Əl-Yirbi deyib ki, hər bir ölkə ilk növbədə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməlidir. «Mən Yaxın Şərq ölkələrini nüvə enerjisinin dinc məqsədlə tədqiqatında qarşılıqlı fəaliyyətə və MAQATE ilə əməkdaşlığa çağıram. Bu, İranın nüvə proqramı ilə bağlı yaranmış böhrandan çıxış olardı.İsrailin nüvə silahlarının yayılmaması müqaviləsinə qoşulması da vacibdir».
O, beynəlxalq birliyin fəaliyyətsizliyi fonunda İsrailin fələstinlilərə qarşı siyasətini sərtləşdirməsini pisləyib. "Həməs"in hakimiyyətə gəlişi fələstinlilərin blokadaya alınması üçün bəhanə olmamalıdır».
«İslam Konfransı Təşkilatı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini bir daha dəstəklədi. Mən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli nizamlanması və Azərbaycanın işğalaltındakı ərazilərinin azad olunmasının vacibliyini xüsusi qeyd etdim”. Bu barədə Türkiyənin xarici işlər naziri Abdulla Gül bildirib.
Cənab Gül Kipr məsələsindən də danışıb. “Problemin həll layihəsini hazırlamışıq. Sənəd görüş iştirakçıları tərəfindən qəbul olunacaq. Şimali Kiprin təcridinin ləğvi istiqamətində dünyanın bir çox ölkəsinin dəstəyini xüsusiqeyd edirəm: Şimali Kipr Türk Respublikası nazirinin İKT Xarici İşlər Nazirlərinin Bakıda keçirilən görüşündə iştirakı buna misaldır”
Rusiyanın xarici işlər nazirinin birinci müavini Andrey Denisov isə jurnalistlərə bildirib ki,İranın nüvə proqramı ilə bağlı ölkəyə güc tətbiqi yolverilməzdir. "Rusiya və onun İKT üzrə tərəfdaşları İranın nüvə proqramı ətrafında problemin güc yolu işə həllinin yolverilməzliyi məsələsini qaldırmaqda haqlıdır" -deyə o vurğulayıb.