Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin həbsxanada səhhəti ağırlaşıb

Dünən Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhəti ağırlaşdığından Milli Təhlükəsizlik nazirliyinin təcridxanasından Ədliyyə Nazirliyinin müalicə müəsissəsinə köçürülüb. Sabiq nazir 2005-ci il parlament seçkiləri qabağı həbs edilib və hakimiyyətin zora ələ keçirilməsinə cəhddə təqsirli bilinir. Vəkil Elton Quliyev bildirib ki, cənab Əliyev aldadılaraq Ədliyyə nazirliyinin müalicə müəsissəsinə gətirilib. Bu isə sabiq iqtisadi inkişaf nazirinin hirslənməsinə və hipertonik krizis keçirməsinə səbəb olub. Vəkil istintaqı ölkə konstitusiyasını və beynəlxalq normaları pozmaqda günahlandırır. Onun sözlərinə görə, yaşamaq hüququ hər bir şəxsin özünə məxsusdur. Belə ki, cənab Əliyev Ədliyyə nazirliyinin müalicə müəsissəsində qalmaqdan imtina etdiyi halda onu burada saxlayırlar. Vəkil sabiq iqtisadi inkişaf nazirinin etiraz olaraq aclığa başladığını da diqqətə çatdırıb. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Nazim Ələkbərov isə Amerikanın səsi radiosuna bildirib ki, cənab Əliyevin müalicə müəsissəsinə köçürülməsinə səbəb ürəyində ağrıların olması və qan təzyiqinin artmasıdır. « Hazırda Fərhad Əliyevin səhhəti normaldır və onun müayinəsi davam etdirilir»-deyə o qeyd edib.