Şəffaflıq koalisiyası Azərbaycan Dövlət Neft Şirkətini məhkəməyə verəcək

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası «Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında memorandumun icrasının 5-ci ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri» mövzusunda dəyirmi masa keçirib.

Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, mədən sənayesində şəffaflıq təşəbbüsü sahəsində Azərbaycan beynəlxalq aləmdə tanınıb. Belə ki, 4 il öncə imzalanmış memorandum dünyada hökumət, şirkətlər və vətəndaş cəmiyyətlərinin birgə işinin səmərəli nəticəsinin nümunəsidir. Cənab İbadoğlunun dediyinə görə, gələn ildən başlayaraq koalisiya şəffaflığın qiymətləndirilməsi ilə bağlı da arayış təqdim edəcək. Onun fikrincə, Azərbaycanda mədən sənayesində şəffaflığın tətbiqi ilə bağlı birinci mərhələ başa çatıb və yeni mərhələ başlayır. Bununla bağlı beynəlxalq qiymətləndirmə aparılacaq. Əlaqələndirici eyni zamanda koalisiyanın Azərbaycan Dövlət Neft Şirkətini məhkəməyə verəcəyini deyib. Bu şirkətə hesabat verməsi üçün dəfələrlə informasiya sorğusu göndərmişik. Ancaq cavab ala bilməmişik. Şirkət informasiya almaq azadlığını pozub. 59 min işçisi olan bu şirkətin bir təmsilçisi belə koalisiyanın tədbirlərinə qatılmır”.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov mədən sənayesində şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında memorandumun təkmilləşdirilməsinə ehtiyac duyulduğunu önə çəkib. Onun sözlərinə görə, hələ də bir sıra qurumlar gəlirləri barədə hesabat vermir.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, şirkətlərin hesabatları hasilat sənayesində şəffaflığın təmin edildiyi barədə tam aydınlıq yaratmır. Alternativ hesablama aparanda dünya qiymətləri ilə hesabat arasında fərq yaranır.
Hüquqşünas Əliməmməd Nuriyev informasiya sorğularına cavab verməyən bütün şirkətləri məhkəməyə verməyin vacibliyini önə çəkib. Onun fikrincə, burada söhbət qanunun pozulmasından və Azərbaycanın sərvətlərinin talan edilməsindən gedir.