Azərbaycan prezidenti Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev müqəddəs qurban bayramı münasibətilə xalqa təbrik imzalayıb. Prezident dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşları müsəlmanların həmrəylik və qardaşlıq günü olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib. «Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, heç vaxt tarixi köklərindən ayrı düşməmiş, milli adət-ənənələrini, dini etiqadını, inanc və mərasimlərini günümüzəcən qoruyub saxlamışdır. Bu gün demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı da belə əbədiyaşar adətlərimizdəndir». Təbrikdə deyilir ki, insanlar arasında şəfqət və mərhəmət duyğularının, humanizm və qardaşlığın rəmzi olan Qurban bayramı, eyni zamanda, müsəlmanların xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmaq şərəfinin təcəssümüdür. «Bu müqəddəs bayram günlərində respublikamızın daha da tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün etdiyiniz dua və niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm. Əmin olduğumu bildirirəm ki, builki mübarək Qurban bayramı da ölkəmizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevriləcəkdir».