Bakıda çox konstruktiv görüşlər keçirdim. Dövlət katibi Hillari Klinton mənə tapşırıb ki, səfirliklə və digər həmsədrlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prosesi tezləşdirmək istiqamətində səylər göstərim. Bu bəyanatla ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıda bu gün keçirdiyi görüşlərdən sonra çıxış edib..
Onun sözlərinə görə, Amerika rəhbərliyi inanır ki, Türkiyədən başlayaraq bütün Xəzər regionunu əhatə edən müsbət meyllər Minsk Qrupunun da prosesi irəli aparması üçün böyük bir imkandır. “Biz inanırıq ki, Türkiyə bu məsələdə bizə kömək edə bilər. Çünki Türkiyə regionda müsbət rol oynayan bir ölkədir. Regionda müsbət dəyişikliklər bir yerdə baş verməlidir. Yəni Qarabağ münaqişəsinin həlli istiqamətində nailiyyətlər, Türkiyə Ermənistan münasibətlərinin yaxşılaşdırılması bir birinə təkan verən proseslər olmalıdır. Bu məsələləri prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və nazir müavini Araz Əzimovla müzakirə etmişik. Bununla yanaşı, iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində genişlənən və güclənən strateji əməkdaşlığımızı müzakirə etdik. Sənaye və energetika naziri Natiq Əliyev və dövlət neft şirkətinin vitse-prezidenti Elşad Nəsirovla məhsuldar görüşümüz oldu”.
Həmsədr “Amerikanın səsi” radiosunun Türkiyə və Ermənistan sərhədlərinin açılacağı ilə bağlı son bəyanatlar barədə sualının cavabında Türkiyə Ermənistan arasında münasibətlər barədə şərh verə bilməyəcəyini bildirib. “Hər iki ölkə müstəqil dövlətdir və onlar öz maraqları daxilində münasibətlərini formalaşdıra bilər. Ancaq ümid edirik kİ, Türkiyə Ermənistanla, Ermənistan Azərbaycanla və hər üçü bir-biri ilə münasibətlərini tədricən, addımbaaddım yaxınlaşdırsa yaxşı olar. Əgər bu müsbət dəyişiklik baş verərsə, özlüyündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən sıçrayışa, irəliləyişə təkan verə bilər. Bu isə özlüyündə danışdığımız əsas prinsiplərə uyğun həll yolunun tapılmasına imkan yaradar. Bu gün və ötən həftə bununla bağlı ətraflı müzakirələr aparmışam. Çalışmışam ki, özüm üçün aydınlaşdırım ki, biz həmsədrlər, müsbət dəyişiklikləri və regiondakı enerji ehtiyatlarını nəzərə alıb, bundan necə istifadə edib yeni bir mərhələyə qədəm qoya bilərik”.
O Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı nə qərar, nə də dəqiqləşdirilmiş fikir olmadığını deyib. “Bununla yanaşı, 2007-ci ilin noyabrında həmsədrlər masaya balanslaşdırılmış təkliflər toplusu qoyub. Burada digər təkliflərlə yanaşı müəyyən bir səsvermə mexanizmi nəzərdə tutulub. Bu da, Helsinki yekun aktının üç prinsipini özündə ehtiva edən ədalətli həll mexanizminə imkan yaradan bir həll yoludur. Bu, gücdən istifadə etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsipidir. Öz müqəddəratını təyin etmə prinsipinə gəlincə, bir şəxs siyasi baxımdan reallığa uyğun olaraq öz müqəddəratını təyin edirsə, bu da sözsüz ki, səsvermə vasitəsi ilə həyata keçirilir. Gördünüz ki, mən referendum ifadəsindən istifadə etmədim. Müəyyən bir səs verilməsi prosesi olmalıdır və bunun detalları müzakirə edilib razılaşdırılmalıdır. Müzakirələrdə bu üç prinsipin müəyyən uzlaşdırılmasına nail olmalıyıq. Bu balansla həm hökumətlər, həm də xalqlar razılaşmalıdır”.
Həmsədr bildirib ki, iki ölkə prezidentinin növbəti görüşü mayın 6-7-də Avropa Birliyinin şərq tərəfdaşlığı proqramı ilə bağlı görüş zamanı ola bilər. “Ümid edirik ki, prezidentlər yaxın zamanda bu görüşə rəsmi razılıq verəcək”.