Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə
həmməruzəçisi Andres Herkelin başçılıq etdiyi beş nəfərlik müşahidəçi qrupu
Azərbaycana səfərləri çərçivəsində regionlarda olub, hüquq müdafiəçiləri, ölkə rəsmiləri, seçki institutları, media
təmsilçiləri və siyasi partiya rəhbərləri ilə görüşlər keçirib. Seçki
Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin dediyinə görə, görüşdə sərbəst
toplaşmaq azadlığı, seçkiöncəsi durum, həbsdə olan jurnalistlər barədə
danışılıb. Hüquq müdafiəçiləri ölkədə seçkiyə marağın aşağı olduğunu AŞ
təmsilçilərinin nəzərinə çatdırıb.
Siyasi partiyalarla görüşdə də
seçkiqabağı vəziyyət müzakirə edilib. “Müsavat” partiyasının başqanı İsa Qəmbər
bildirib ki, onlar da seçkiqabağı yaranmış situasiyadan məyyusluqlarını ifadə
edib. Cənab Qəmbər AŞPA
təmsilçilərinin diqqətinə Azərbaycanın bu təşkilat qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirmədiyinin çatdırıldığını da deyib.