ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanda müzakirələr aparır

ATƏT-in Minsk Qrupunun həmsədrlər Bakıya gəlib. Onlar səfər çərçivəsində Bakıda, Yerevanda və Dağlıq Qarabağda danışıqlar aparacaq. Həmsədrlər atəşkəs rejiminin hər gün pozulması fonunda qoşunların təmas xəttində monitorinq aparacaq, özü də cəbhə xəttinə Ermənistan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərdən baxacaq. Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza həmsədrlərin səfər zamanı hər hansı təkliflə çıxış etməyəcəyini bildirib. «Bu dəfə danışmağa yox, dinləməyə gəlmişik. Bir ay yarım öncə Madriddə münaqişənin nizamlanmasının baza prinsipləri ilə bağlı təkliflər təqdim etmişik. İndi prezident İlham Əliyevin fikirlərini dinləməyə gəlmişik. Ümid edirəm ki, qane edici cavab alsaq, danışıqlar üçün stimul olacaq», - deyə o qeyd edib. Bu gün Minsk Qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb. Həmsədrlər mətbuat hər hansı açıqlama verməyib. Xarici İşlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə danışıqlarda söhbətin ilk növbədə işğal altında olan 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasından getdiyini bildirib. O, Ermənistan rəhbərlərinin son açıqlamalarını "qəribə bəyanatlar" adlandırıb. «Əsas məsələ Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir». Tədqiqatçı alim Arif Yunus Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının hələ uzaqda olduğunu deyir. O «Amerikanın səsi» radiosuna bildirib ki, Ermənistanın mövqeyi çox ziddiyyətlidir. Minsk Qrupunun həmsədr dövlətləri isə Ermənistana təcavüzkar kimi təsir etmir. Tədqiqatçı alim hesab edir ki, hazırda dah çox ABŞ regionda tezliklə stabilliyin bərqərar olmasını istəyir. Çünki Azərbaycan və Ermənistanda prezident seçkilərindən sonra regionda ABŞ-ın maraqları üçün problemlərin yaranma ehtimalı ola bilər.