Azərbaycanda ömürlük və uzunmüddətli həbsdə olanların vəziyyəti müzakirə edilir

Avropa Şurası və Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidməti "Ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda ekspert görüşü keçirir. Görüşdə Penitensiar Xidmətin rəhbəri, Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri, AŞ İnsan Haqları və Hüquqi İşlər üzrə Baş idarənin təmsilçisi, İsveç, Finlandiya, Avstriya milli həbsxana xidmətlərinin sabiq rəhbərləri, ekspertlər iştirak edir. Görüş AŞ-nın Azərbaycan Penitensiar Xidmətində aparılan islahatların genişləndirilməsinə dair 2007-2008-ci illər üçün nəzərdə tutulmuş fəaliyyət planına uyğun keçirilir. Penitensiar xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, Azərbaycanda həbsxanalar və cəzaçəkmə müəssisələri Avropa standartlarına uyğunlaşdırılır. Onun sözlərinə görə, hazırda regionlarda layihə-smeta sənədlərə Avropa Şurası ekspertləri tərəfindən rəy verilmiş cəzaçəkmə müəssisələri və həbsxanalar tikilir. Onun sözlərinə görə, hazırda əsas cəzaçəkmə müəssisələri Bakıdadır, bəziləri isə şəhərin mərkəzi hissəsində yerləşir. Cənab Ələkbərov Azərbaycanda 236 nəfər ömürlük həbs cəzasına məhkum olunmuş insanın olduğunu bildirib. AŞ Bakı ofisinin rəhbəri Denis Bribosiya bildirib ki, həbsxanalarda insan haqlarının qorunması vacibdir. "Azərbaycanda bu sahədə proqressiv irəliləyişlər var. Bölgələrdə yeni müəssisələrin tikilməsi, Qobustandakı həbsxananın köçürülməsi mühümdür. Ancaq görüləsi işlər də çoxdur. AŞ İnsan Haqları üzrə komissarının hesabatında problemlər əksini tapıb. İlkin istintaq zamanı insan hüquqlarının pozulma halları aradan qaldırılmalıdır. 1998-ci ildə Azərbaycanın ölüm hökmünü aradan qaldırması mühüm nailiyyətdir. Ancaq ömürlük həbs cəzasına məhkum edilənlər bütün sosial komponentlərini itirir və ümidsiz insanlara çevrilir. Bu səbəbdən qanunvericilik yenidən nəzərdən keçirilməlidir”. AŞ insan haqları və hüquqi işlər üzrə Baş direktorluğunun proqram məsləhətçisi Lulyeta Kasa bildirib ki, ömürlük və uzunmüddətli həbsdə saxlanılanlarla bağlı tövsiyələr hazırlanıb. "Bu tövsiyələr menecment sisteminin inkişafını, həbsxana standartlarının, saxlanma şəraitinin, ibtidai istintaqın müddətinin Avropa standartlarına uyğunlaşdırılmasını əhatə edir". O, Qobustandakı həbsxananın yeni həbsxana ilə əvəz edilməsini mühüm addım kimi dəyərləndirib. "Bu həbsxananın və hüquqi sistemin Avropa standartlarına uyğun qurulması üçün AŞ yaxından kömək etməyə hazırdır". Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Təşkilat-Nəzarət şöbəsinin rəisi Musa Hümbətov bildirib ki, ömürlük həbs cəzasının ləğvi bu məsələnin müzakirəsini zəruri edib. Cinayət Məcəlləsində ömürlük həbs cəzasını nəzərdə tutan 19 maddə mövcuddur. Qadınlar və yaşı 65-i keçmiş kişilər ömürlük həbs cəzasına məhkum edilmir. Onun sözlərinə görə, 5 ildən çox həbs cəzası uzunmüddətli həbs hesab edilir. Azərbaycanda ən uzunmüddətli həbs 20 ildir. Lakin ömürlük həbsə məhkum edilənlər də 25 ildən sonra məhkəməyə müraciət edə bilər. Cənab Hümbətov məhkumların görüşləri, telefon danışıqları, bağlama və sovqat almalarının artırılması, saxlama şəraitinin yaxşılaşdırılması ilə bağlı yeni təkliflər hazırlandığını bildirib. Ömürlük həbs cəzasına məhkum edilmiş insanların saxlandığı cəzaçəkmə müəssisəsinin rəisi Kazım Abdullayev bildirib ki, məhbuslar qanunvericiliyə uyğun olaraq azı 4 kvadratmetr yaşayış sahəsi ilə təmin olunur və xəstə məhbuslar vaxtında müalicəyə göndərilir. Tərbiyə müəssisəsinin rəisi İmran Məmmədov bu müəssisədə 48 uşaq saxlandığını deyib. Onun sözlərinə görə, uşaqlar Avropa standartlarına uyğun tərbiyələndirilir. Orada saxlananlar isə az ağır və ağır cinayətlərdə ittiham edilib. 4 saylı qadın penitensiar müəssisəsinin rəisi Müzəffər Məmmədov müəssisədə hazırda 263 məhbus saxlandığını deyib. Onun sözlərinə görə, son vaxtlar isə insan alverinə görə həbs edilənlərin sayı artır. Penitensiar xidmətin rəisi Nazim Ələkbərov minədək vərəm xəstəliyinə, 20 nəfər isə QİÇS-ə yoluxmuş məhbusun olduğunu deyib. O ölüm faktlarının dəfələrlə azaldığını bildirsə də, onların sayını deməkdən yayınıb.