Rusiyanın Gürcüstan ərazisini bombardman etməsi Azərbaycanda geniş əks-səda doğurub. Ölkə ictimaiyyəti, ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri gürcü xalını dəstəkləyir və Rusiyanı Gürcüstan ərazisini tərk etməyə çağırır.
İctimaiyyət etirazlarını Rusiyanın Bakıdakı səfirliyi qarşısına gələrək açıq şəkildə bildirir. Səfirliyin binası gücləndirilmiş polis dəstəsi tərəfindən qorunur.
Bu gün Bakıdakı gürcü diasporunun nümayəndələri "Rusiya Gürcüstandan əlini çək!" şüarı altında piket keçirib. Piketdə gürcü diaspor təşkilatları ilə yanaşı Azərbaycan vətəndaşları da iştirak edib. Arzu Həsənova Azərbaycan vətəndaşıdır. "Mən gürcü xalqını başa düşürəm və onların işğala qarşı keçirdikləri etiraz aksiyasına qoşuluram. Çünki Azərbaycan xalqı da Gürcüstanın başına gətirilən Rusiya işğalından əziyyət çəkir. Bir milyon azərbaycanlı evindən qovulub, ərazimizin 20 faizi işğal altındadır".
Georgi Cangiaşvili Bakıda yaşayır. O Gürcüstan vətəndaşıdır.
Cənab Cangiaşvili Rusiyanın Gürcüstanda dinc əhalinin yaşadığı massivləri bombalamasını qınayır. "Hazırda Rusiya Gürcüstanın bütün ərazisini bombalayır. Bu ərazilərin münaqişə zonasına heç dəxli də yoxdur. Qori şəhəri münaqişə zonasına yaxın ərazidir. Poti limanı münaqişə zonasından 300 kilometr aralıdır, azərbaycanlıların yaşadığı Marneuli rayonu heç bilmirəm münaqişə zonasının neçə yüz kilometrliyindədir. Bir sözlə Rusiya təyyarələri, şərqi, qərbi, cənubi və mərkəzi Gürcüstanda mülki vətəndaşların yaşadığı yaşayış massivlərini bombalayır".
Müasir Diplomatlar Assosiasiyası, "Demokrat" və "Müsavat" partiyalarının gənclər təşkilatları Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü tanımağa, şərt qoymadan hərbi əməliyyatları dayandırmağa, beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə danışıqlara başlamağa çağırıb. "Müsavat" partiyası gənclər təşkilatının sədr müavini Rüfət Aslanlı bildirib ki, Gürcüstan Azərbaycanın mehriban qonşusu və strateji müttəfiqidir. "Gürcüstan ərazilərinin bombalanması həm də Azərbaycana hədədir. Bunu yaxın illərin tarixi də sübut edir. Ümumilikdə Rusiya Azərbaycan və Gürcüstana qarşı öz imperiya xislətindən dəfələrlə istifadə edib. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində Rusiya xisləti ilə törədilmiş faciədir".
İctimai-siyasi təşkilatlardan fərqli olaraq rəsmi Bakı Rusiya-Gürcüstan probleminə çox ehtiyatla yanaşır. İndiyədək Azərbaycan rəsmilərindən yalnız Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu hadisələrə münasibət bildirib. Onun sözlərinə görə, Bakı atəşkəs və sülhün bərqərar edilməsi üzrə beynəlxalq səyləri dəstəkləyir.
Cənab İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində çoxsaylı insan yığışıb, onlar Gürcüstanı tərk etmək istəyir. Onun sözlərinə görə, artıq yüzlərlə xarici ölkə vətəndaşı Azərbaycan sərhədləri vasitəsilə Gürcüstanı tərk edib.
Mətbuat katibi həmçinin bildirib ki, döyüş əməliyyatlarının davam etməsinə baxmayaraq, Bakı-Supsa boru kəməri ilə neftin nəqli dayandırılmayıb.
Yeri gəlmişkən bildirim ki, Rusiya-Gürcüstan qarşıdurmasından iki gün öncə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində yanğın baş verdiyindən neftin nəqli dayandırılıb. Bundan sonra, Bakı nefti Bakı-Novorosiysk və Bakı-Supsa kəmərlərindən istifadə edilməklə daşınırdı.
Son məlumatlara görə isə bu gün Azərbaycan Dövlət Neft Şirkəti Rusiyanın "Transneft" şirkətindən Azərbaycan neftinin "şimal" marşrutu ilə nəqlinin müvəqqəti dayandırılması haqda bildiriş alıb.
"Turan" agentliyinin məlumatına görə, "Transneft" neftin nəqlini boru kəmərində Şimali Qafqaz ərazisində planlı texniki xidmətlə əlaqədar dayandırır və texniki xidmətin nə vaxt başa çatacağı bəlli deyil.
Agentlik hesab edir ki, Rusiyanın bu qərarı praktiki olaraq Qərb şirkətləri tərəfindən işlənilən "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində neft hasilatının dayandırılmasına gətirib çıxaracaq. "Bir az əvvəl avqustun 6-da baş vermiş partlayış nəticəsində Azərbaycanın əsas ixrac boru kəməri - BTC sıradan çıxıb, avqustun 9-dan isə Gürcüstanın Qara dəniz limanları Rusiya HDQ-nin Gürcüstanın ərazi sularına daxil olması ilə əlaqədar neftin qəbulunu dayandırıb" - deyə məlumatda qeyd edilir.
Bu gün Rusiyanın Bakıdakı səfiri Vasili İsfratov da məhdud sayda jurnalistlər üçün mətbuat konfransı keçirib.
"Turan" agentliyinin məlumatına görə, səfir Cənubi Osetiyanın 80% sakininin Rusiya pasportu daşıdığını deyib. Onun dediyinə görə, Rusiyanın öz vətəndaşlarına və sülhməramlılarına yardıma gəlməkdən başqa çıxış yolu yox idi. "Rusiyanın əsas tələbi Tbilisinin osetinlər və abxazlarla güc tətbiq etməmək haqqında "hüquqi öhdəlik verən" saziş imzalamasıdır".
Cənab İsfratovun fikrincə, Rusiya Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işinin pozulmasını qarşısına məqsəd qoymur. "Rusiya Azərbaycanın enerji daşıyıcılarının eksportuna mane olmağı qarşısına məqsəd qoymayıb. Biz bunun Azərbaycan üçün nə qədər vacib olduğunu başa düşürük" - deyə səfir enerjinin ölkə üçün vacibliyini bir daha diqqətə çatdırıb.