Qriqol Vaşadze: Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa və yaxın qonşuluğa nümunədir

Gürcüstanın yeni xarici işlər naziri Qriqol Vaşadze ilk xarici səfərini Azərbaycana edib. Səfər çərçivəsində cənab Vaşadze Azərbaycan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər keçirir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Gürcüstanın xarici işlər nazirinin ilk səfərini Azərbaycana etməsi iki dövlət arasında strateji tərəfdaşlığın səviyyəsinin göstəricisi və isti münasibətlərin nümayişidir. “Biz ilk növbədə Gürcüstanda avqust ayında baş vermiş hadisələr fonunda regionda yaranmış vəziyyəti qiymətləndirdik, ölkələrimizin qarşısında duran məsələləri, GUAM, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti müzakirə etdik. Mən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqların gedişi barədə məlumat verdim”.
Nazir iki ölkə arasında son dövrlər ticarət dövriyyəsinin həcminin 86 faiz artaraq 700 milyon dollara çatdığını vurğulayıb. “Bu artım əsasən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinin hesabına baş verib. Biz həmçinin humanitar məsələləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini, Gürcüstandakı azərbaycanlıların və Azərbaycan dilli məktəblərin vəziyyətini, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini müzakirə etdik”.
Cənab Vaşadze isə bildirib ki, Rusiyanın avqust işğalı regionda sülhün nə qədər kövrək olduğunu, dost ölkələrin bir-birinə nə qədər möhtac olduğunu və gələcəkdə belə faciələrin qarşısını almaq üçün əməkdaşlığın dərinləşməsinin vacibliyini bir daha göstərib. “Təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələrdə üzrə müzakirələr apardıq. Müzakirə edilən bütün məsələlər üzrə tərəflər arasında tam anlaşma var. Gürcüstanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığa və yaxın qonşuluğa dair bir nümunədir”-deyə o qeyd edib.
Müstəqil politoloqlar isə Azərbaycan-Gürcüstan müttəfiqliyinin daha da dərinləşməsinə ehtiyac duyulduğunu önə çəkir. Onların fikrincə, Rusiya Ermənistanda hərbi bazalar qurduğu kimi Gürcüstan və Azərbaycanın müttəfiqi Amerika da bu ölkələrdə hərbi bazalar qurmalıdır. Politoloq Vəfa Quluzadə “Amerikanın səsi” radiosuna müsahibəsində Gürcüstan-Azərbaycan əlaqələrinin perspektivlərinə toxunub.