Azərbaycanın yeni «Gömrük Məcəllə»si layihəsinin təqdimatı keçirilib. Sənəd Avropa İttifaqı tərəfindən maliyyələşdirilən «Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi» layihəsi çərçivəsində hazırlanır.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, son 8 ilə komitə gömrük əməliyyatları və prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və avtomatlaşdırılması üzrə bir neçə istiqamətdə BMT ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, artıq gömrük sistemi vahid avtomatlaşdırılmış sistemdə işləyir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsottii hesab edir ki, yeni məcəllə gömrük prosesinin daha da yaxşılaşmasına və şəffaflaşmasına xidmət edəcək.«Gömrük siseemi informasiya texnologiyalarının tətbiqi sayəsində irəliyə doğru inkişafdadır. Hesab edirik ki, yeni sənəddə nəzərdə tutulan normaları praktikaya çevirə bilsək, ölkədə ümümi inkişafa böyük yardım etmiş olacağıq».
Avropa Evinin koordinatoru Volfqanq Şporrer bildirib ki, yeni sənəd Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq barədə fəaliyyət proqramını imzaladığı vaxta təsadüf edir. «Proqrama görə 5 il müddətində Azərbaycanda insan hüquqları, mətbuat azadlığı, gömrük, nəqliyyat və başqa sahələrdə ciddi dəyişikliklər olacaq. Avropa İttifaqı Azərbaycanla yeni yardım sisteminə keçir. Bu həm də əməkdaşlıqda yeni eranın başlanğıcıdır. Əgər TASİS Proqramı vasitəsilə Avropa İttifaqı Azərbaycana 400 milyon dollar yardım edibsə, 2006-cı ildən Azərbaycan rəsmiləri həm də tərəfdaş dövlətlərdə təcrübə keçmək imkanı qazanacaq».
Layihənin baş məsləhətçisi Kolin Strinqeq sənəddəki yeniliklərdən danışıb. «Yeni məcəllə beynəlxalq standartlara tam cavab verir. Sənəddə təhlükəsizlik, terrorizmə, qaçaqmalçılığa qarşı mübarizə, şəffaflıq, çeviklik, minimum informasiya əsasında
gömrük rəsmiləşdirməsi, avtomatlaşdırma sisteminə keçid, kağız əsaslı prosesdən asılılğın aradan qaldırılması, risklərin ildarə edilməsi sisteminin əhatə dairəsinin genişlənməsi, elektron məlumatlandırma sisteminin daha da genişləndirilməsi nəzərdə tutulur».
Tədbirdə həmçinin DGK ilə BMT-nin İnkişaf Proqramı arasında «Azərbaycanın gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin müddətinin uzadılması və büdcəsinin artırılmasına dair» memorandum imzalanıb. İlkin büdcəsi 900 min avro təşkil edən layihə bu ilin yanvarından həyata keçirilir.