Azərbaycan xarici işlər nazirinin müavini ABŞ-Azərbaycan məsləhətləşmələrindən razıdır

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müavini Daniel Feyta və Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin üzvü Konqresmen Con Buzmanla, GUAM təşkilatının üzvü olan dövlətlərin ABŞ-dakı səfirləri ilə görüşüb.

AzərTac dövlət agentliyinin məlumatına görə, iyulun 11-də cənab Əzimov Vudru Uilson Mərkəzində 'Azərbaycanın təhlükəsizlik gündəliyi' mövzusunda çıxış edib. Nazir müavini ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu çərçivəsində 10-cu illik məsləhətləşmələrdən razı qaldığını bildirib. «Siyasi məsələlərdən əlavə, praktiki əməkdaşlıq proqramları, o cümlədən, sərhəd nəzarətinin gücləndirilməsi, enerji təhlükəsizliyi, terrorla mübarizə, təhlükəsizlik sektorunda islahatlar nəzərdən keçirilib. Bu sahələrdə ABŞ-ın yardımı olduqca vacibdir, çünki islahatlarımız nə qədər səmərəli aparılsa, bölgənin təhlükəsizliyində bir o qədər çox nəticə əldə edə bilərik. Danışıqların bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib. Azərbaycanın mövqeyini bir daha bəyan edirəm, bizim məsələyə yanaşmamız beynəlxalq hüququn prinsipləri və normalarına əsaslanır. Məhz bu normalar əsasında ATƏT-in Minsk qrupu münaqişənin həllinə dair 'mərhələli nizamasalma' prosesinə arxalanan əsas prinsiplər haqqında sənəd hazırlayıb».

Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburqdakı son görüşünün nəticə vermədiyini deyən cənab Əzimov tərəflərin razılığa gələcəyinə əminliyini ifadə edib. “Tərəflər razılığa gələcəklər. İnanıram ki, Ermənistan ictimaiyyəti münaqişənin həllinin onlara gətirəcəyi faydanı anlayacaq.”

A.Əzimov Qəbələ radiolokasiya stansiyası ilə bağlı fikirlərə də münasibət bildirib. «Stansiyanın sahibi kimi Azərbaycan Rusiya Prezidentinin ABŞ-a etdiyi təklifə baxılmasında maraqlıdır. Vladimir Putin Prezident İlham Əliyevə zəng vurub məsləhətləşəndə Rusiyanın təklifi daha sadə formada idi və məlumat mübadiləsi ideyasına əsaslanırdı. Hazırda isə müxtəlif mənbələrdən təklifə yeni elementlərin əlavə edilməsi haqda xəbərlər yayılır. Bunların hamısı aydınlaşmalıdır».

Nazir müavini məsləhətləşmələrin üçtərəfli formatda - ABŞ, Rusiya və Azərbaycanın iştirakı ilə keçirilməsini də istisna etməyib. «Lakin, əvvəlcə Amerika və Rusiya müzakirə ediləcək məsələnin məğzini müəyyənləşdirməlidir. Biz böyük maraqla prosesi izləyəcək və məsləhətləşmələrə qoşulmaq haqda dəvət gözləyəcəyik».