Azərbaycanın keçmiş maliyyə naziri həbs edilib

Oktyabrın 16-da Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsilə şübhəli şəxs qismində saxlanıb. Azərbaycan daxili işlər naziri Ramil Usubov bildirib ki, kecmiş maliyyə naziri həmçinin müxalifətin qanunsuz aksiyalarını maliyələşdirirmiş. Nazir eyni zamanda cənab Yusifovun evindən 100 min Avro və 60 min dollar pulun götürüldüyünü də deyib. Vəkil Adil İsmayılov Amerikanın səsi radiosuna bildirib ki, Fikrət Yusifov ailə üzvlərilə yeməkxanada şam edərkən saxlanılıb və istintaq onun maşınıdan tapança tapıldığını iddia edir. Fikrət Yusifov prezident Heydər Əliyevin dövründə maliyyə naziri işləyib və bir neçə ilə əvvəl vəzifədən uzaqlaşdırılıb. Bundan sonra, o Rusiyanın Sankt-Peterburq şəhərində bizneçslə məşğul olurmuş. Bir neçə gün öncə ailəsinə baş çəkmək üçün Bakıya gəlib. Vəkil onun evindən daxili işlər nazirinin dediyi miqdarda pulun götürüldüyünü təsdiq edib.