ABŞ Federal Məhkəməsinin hakimi Azərbaycanda kurslar təşkil edib

ABŞ Federvl Məhkəməsinin hakimi Timoti Börces Azərbaycanda bir həftə ərzində yeni seçilmiş hakimliyə namizədlərə ədalətli məhkəmə və hakim etikası məsələləri ilə bağlı kurslar təşkil edib. O bu gün keçirdiyi mətbukat konfransında bildirib ki, yeni seçilmiş hakimliyə namizədlər məhkəmə-hüquq sistemində islahatları dəstəkləyir. Cənab Börces ümid edir ki, yeni hakimlər ölkədə məhkəmə sisteminin müstəqilləşməsi üçün mühüm addımlar atacaq. «Müstəqil məhkəmə sistemi demokratiyanın inkişafına təkan verən əsas institutlardan biridir. Korrupsiya olan yerdə isə məhkəmənin müstəqilliyindən danışmağa dəyməz. Belə pis narahatçılıqları Azərbaycanda olduğum dövrdə mən də eşitmişəm. Məhkəmə sisteminin müstəqilliyi vətəndaşların məhkəmələrin ədalətinə inamından keçir»-deyə o «Amerikanın səsi» radiosunun beynəlxalq təşkilatların Azərbaycan məhkəmələrini tənqidi ilə bağlı sualının caıvabında bildirib. Cənab Börcesin fikrincə, yeni hakimlər ölkədə demokratik yolun başlanğıcındadırlar. «ABŞ-da da 200 il öncə məhkəmə-hüquq sisteminin başlanğıcında səhvlər olub. Ancaq hakimlərin şücaəti nəticəsində müstəqil məhkəmələr bərqərar olub. Yeni hakimlər sadəcə ABŞ-da olduğu kimi varlı adamlara yox demək iqtidarında olmalıdır. Bu məhkəmə sisteminin cövhərini təşkil edir. Eyni zamanda, ilk öncə məhkəmələrin müstəqilliyi təmin edilməlidir ki, hakimlər kəskin qərarlar qəbul edə bilsin. Bu yoxdursa məhkəmənin mənası yoxdur. ABŞ məhkəmələrinin müstəqilliyini təmin etmək üçün hakimlər ömürlük təyin edilir. Hakimin geydiyi qara mantiya ədalətin və onun müstəqilliyinin simvolu olmalıdır»-deyə o qeyd edib.