«Gündəlik Azərbaycan» qəzetinin baş redaktorunun   məhkəməsi başlayır

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesinin hazırlıq iclası olub və məhkəmə prosesi oktyabrın 10-na təyin edilib. Eynulla Fətullayev bu ilin aprelində Xocalı faciəsinin qurbanlarının xatirəsini təhqir etmək ittihamı ilə iki il yarım müddətinə məhkum edilib. Bundan sonra, baş redaktora qarşı, terrorla hədələmə, millətlərarası ədavəti qızışdırma və vergidən yayınma ittihamları ilə yeni cinayət işi başlanıb. İttihama görə, jurnalitstin «Əliyevlər müharibəyə gedir» məqaləsində terrorla hədələmə və millətlərarası ədavəti qızışdırma ideyası yer alıb. Jurnalistə qarşı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb və o bu ilin mayında Bayıl təcridxanasından Təhlükəsizlik nazirliyinin təcridxanasına köçürülüb. Vəkil İsaxan Aşurov bildirib ki, Fətullayevin "Əliyevlər müharibəyə gedir" məqaləsinin Elmlər Akademiyasının işçiləri tərəfindən keçirilən ekspertizası ittiham üçün əsas ola bilməz. O, şahidlər qismində müstəqil ekspertlərin məhəkəmə cəlb edilməsini xahiş edib. Vəkilin eyni zamanda baş redaktor barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi, məhkəmə heyətinə etirazı ilə bağlı vəsatətləri təmin edilməyib. Bütün bunlardan sonra cənab Aşurov məhkəməni qeyri-müstəqil, qərəzli və asılı adlandırıb. Müttəhimin özü isə deyib ki, ekspertizanın nəticələri Elmlər Akademiyasının hansı vəziyyətdə olduğunu göstərir. "Belə ki, ekspertizada aşağıdakı məsələlər qoyulur: Fətullayev İranın nüvə proqramı, "Şahab" raketləri haqqında məlumatı necə əldə edib və prezident Əhmədinejatı o, haradan tanıyır? Bu cür ekspertlərin yeri Akademiya deyil", - deyə Fətullayev vurğulayıb. Cənab Fətullayevin sözlərinə görə, istintaq zamanı zərərçəkmiş tərəf müəyyən edilməyib. "Mən kimi terrorla hədələmişəm – İran prezidenti Əhmədinejatı, mağazadakı satıcını, yoxsa Azərbaycan hökumətini? Xahiş edirəm bu suallara cavab verin. Mən xarici işlər naziri Elmar Məmmədyarovun 2007-ci il aprelin 6-da yazdığı danos əsasında həbs edilməş. Onun ərizəsində deyilir ki, mənim məqaləm xarici səfirliklərdə narahatçılığa səbəb olub" . Baş redaktor həmçinin məhkəmənin formal xarakter daşıdığını bildirib və məhkəmə keçirilmədən həbsxana yollanılamsını xahiş edib. «Məhkəmənin keçirilməsi vaxt itgisidir. Onusuz da məhkəmə ittihamı təsdiq edəcək». Dövlət İttihamçısı Çingiz Şükürov isə deyilənləri əsassız adlandırıb və istintaqın qanunauyğun aparıldığını bildirib. «İstintaq ittihamları syübuta yetirirb»-deyə o qeyd edib. Vəkil İsaxan Aşurov istintaqda Eynulla Fətullayevin hansı millətlər arasında nifaq salmasının sübuta yetirilmədiyini deyib. Onun sözlərinə görə, jurnalist yazıda yer adları göstərib və burada millətlərdən söhbət belə gedə bilməz. Öz növbəsində, Azərbaycanın xarici işlər nazirliyinin mətbuat katibi Xəzər İbrahim cənab Fətullayevin xarici işlər nazirinin ərizəsi əsasında həbs olunması barədə dediklərini təkzib edib. Onun sözlərinə görə, nazir Eynulla Fətullayevə qarşı iddia ilə çıxış etməyib.