Azərbaycanda blogerlərin həbsi pislənir

Gənc-fəallar, blogerlər Adnan Hacızadə və Emin Millinin barəsində Səbael rayon məhkəməsinin iki aylıq həbs qəti imkan tədbiri seçməsi narazılıqlarla qarşılanıb. Gənc blogerlərin həbsindən Amerikanın, Almaniyanın Bakıdakı səfirlikləri, yerli və beynəlxalq təşkilatlar narahatlıq keçirdiyi barədə bəyanatla çıxış edib. Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı isə Səbael rayon məhkəməsinin qərarını pisləyib. “Adnan Haçızadə və Emin Milli iyulun 8-də Bakıdakı kafelərdən birində basqına məruz qaldıqdan sonra xuliqanlıq ittihamı ilə həbs edilib. Məhkəmə işə yenidən baxmalıdır, çünki iki ay müddətinə həbs qərarı tamamilə qeyri-adekvatdır. Bu, hökumətin rəqibləri barəsində tipik məhkəmə qərarıdır”, - deyə bəyanatda qeyd edilir.
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin birgə məlumatda isə deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Adnan Hacızadənin bir qrup şəxslə restoran-barda xuliqanlıq hərəkətləri törətməsi ilə əlaqədar onun və tanışı Emin Abdullayevin həbsinin siyasiləşdirilməsinə cəhdlər göstərilir. ”Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər restoran-barda ucadan nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlara qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol verib”.
Bu gün gənc fəalların hüquqlarının ictimai müdafiəsi ilə bağlı əlaqələndirici qrup da mətbuat konfransı keçirib. Hüquqşünas Erkin Qədirli blogerlərin həbsini siyasi sifariş kimi qiymətləndirib. Onun fikrincə, gənc-fəalların həbsi cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıyır.
Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının fəalı Ramin Hacılı hesab edir ki, dövlət gəncləri həbs etməklə konstitusiya öhdəliyini pozub. Çünki təhlükə törədəni azad buraxıb təhlükəyə məruz qalanı həbs etməklə insanların təhlükəsiz yaşamaq hüququ pozulub. Onun fikrincə, blogerlər konstitusiyasına güvənərək tənqid edirdi.
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, Azərbaycanda hər seçkiqabağı dövrdə azad və tənqidi fikirli insanlar həbs edilir. Bu il Azərbaycanda bələdiyyə, gələn il isə parlament seçkiləri keçiriləcək.
“Respublikaçı Alternativ” İctimai Birliyinin rəhbəri İlqar Məmmədovun fikrincə, seçki öncəsi həyata keçirilən həbslər cəmiyyətdə, xüsusilə fəal olan gənclərdə qorxu yaratmaq məqsədi güdür. Bu qorxuya qalib gəlmək lazımdır.
Gənclərin həbsinin konkret səbəblərinə gəlincə, bu sırada daha çox ölkədə referendum keçirilən zaman Emin Millinin Vaşinqton və Nyu-Yorkda etiraz aksiyaları təşkil etməsi, Adnan Hacızadənin Facebook sosial internet şəbəkəsində “Eşşəyin mətbuat konfransı” satirik video-roliki yerləşdirməsi göstərilir. Video-rolik “Eşşəklərin hüquqları qorunur, bəs insanların?” sualı ilə tamamlanır. Ramin Hacılı bundan sonra da dövlət vəsaitindən sui-istifadə edənlərlə bağlı, belə alloqorik janrda müsahibələrin davam etdiriləcəyini bildirib.
Hüquqşünas Erkin Qədirlinin dediyinə görə, video-rolikdə Almaniyadan hər biri 41 dollara alınaraq Azərbaycana gətirilmiş eşşəyə bu qədər pulun niyə xərcləndiyi məzhəkəyə qoyulur. Yəni “Mersedes-Benz” avtomobilindən də baha eşşək olar?