Azərbaycanda həbs edilmiş blogerlərə azadlıq tələb edilir

Gənc blogerlərin həbsdən azad edilməsi tələbi ilə beynəlxalq və yerli təşkilatların bəyanatları davam edir.
Gənclərin vəkilləri həbsin qanunsuz olması ilə bağlı məhkəmənin qərarından apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi şikayətə iyulun 20-də baxacağını elan edib. Belə ki, 26 yaşlı Adnan Hacızadə və 30 yaşlı Emin Milli barəsində məhkəmə iyulun 8-də xuliqanlıq ittihamı ilə 2 ay həbs qəti imkan tədbiri seçib.
Vəkil Elton Quliyev “Amerikanın səsi” radiosuna müsahibəsində blogerlərin həbsini siyasi adlandırıb. Müsahibədə bloggerlərin həbsi, qanun pozuntuları, məhkəmə və istintaqla bağlı məsələlərə toxunulur.
Sual: Emin Milli və Adnan Hacızadənin həbsi üçün hüquqi əsas varmı?
Cavab: Xeyr. Hüquq müstəvisində Adnan Hacızadə və Emin Abdullayevin həbsini əsaslandıran heç bir norma və hal mövcud deyil.
Sual: Bəs həbs-qətimkan tədbiri qərarını məhkəmə necə əsaslandırıb?
Cavab: Sadəcə, zərəçəkənlər polisə gəlib şikayət ediblər. Bir anın içərisində “təkamül” nəticəsində zərərçəkənlər dönüb olub təqsirləndirilən şəxslər.
Sual: Müdafiə tərəfi həbsi necə qiymətləndirir?
Cavab: Mən bu həbsi qanunsuz, ixtiyari həbs kimi qiymətləndirirəm. Hesab edirəm ki, Emin Abdullayev və Adnan Hacızadənin həbsi hadisə ilə bağlı deyil və onların hərəkətlərinin hüquqi nəticəsi deyil. Sadəcə gənclərin ictimai hərəkətləri, fəallığı həbsi şərtləndirən yeganə nəzərəçarpan motivdir. Hər iki gəncin həbsi siyasi motivlidir.
Sual: Gəncləri saxlayanlar bunu necə əsaslandırır?
Cavab: Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. İstintaqın rəsmi versiyası ondan ibarətdir ki, guya Adnan Hacızadə və Emin Abdullayev restoranda xuliqanlıq edib, kimləri isə döyüblər. Bunların hamısı tam yalandır.
Sual: Bəs istintaqa cəlb edilmiş insanlar məhkəmə-tibbi eksperiazadan keçirilib?
Cavab: Məhkəmənin də, müstənqin də diqqətinə çatdırdıq ki, Emin Abdullayevin də, Adnan Hacızadənin də vizual baxışdan bədənlərində xəsarət olduğu açıq görünür. Hər iki gəncin bədənində qançırlar, göyərtilər var, Emin Abdullayevin ayağında kəsilmiş yara var, qan axır, Adnan Hacızadənin sifəti qançırlarla doludur. Bunları görməmək mümkün deyil. Amma zərərçəkən kimi təqdim edilən şəxslərdə heç bir bədən xəsarəti olmayıb. Adnan Hacızadə, Emin Abdullayev və dindirilən şahidlər istintaqda zərərçəkən kimi təqdim edilən şəxslərə heç kimin toxunmadığını bildirir. Nəhayət məhkəmədən və istintaqdan xahiş etdik ki, ittihamı verməmişdən öncə ekspertizanın nəticələrini gözləyək, görək, bu şəxslərdə xəsarət varmı, xəsarətin yaranma səbəbləri nədir, xarakteri nədir, mənşəyi nədir. Bu, nəzərə alınmadı və belə bir qüsurla ittiham elan edildi və həbs-qətimkan tədbiri seçildi.
Sual: İstintaqın gedişini necə qiymətləndirirsiniz?
Cavab: İstintaqın hazırda nə ilə məşğul olduğunu müdafiə tərəfi bilə bilməz. Ancaq istintaqın ilkin mərhələsi belə qanunsuzluqlarla və ədalətsizliklə başlayıb. Bu həbs hüquq müstəvisindən kənardır və hüquqla və ölkədə qüvvədə olan qanunlarla heç cür izah edilə bilməz.
Sual: Apellyasiya şikayəti vermisiniz, Apellyasiya Məhkəməsindən ədalət gözləyirsiniz?
Cavab: Böyük ehtimalla, Apellyasiya Məhkəməsi köhnə qərarı qüvvədə saxlayacaq. Bilirik ki, Azərbaycandakı məhkəmələr icra hakimiyyətlərinə tabe olan qurumlardr. Kim cəsarət edib, prokurorluğun həbs etdiyi insana, bu orqanın razılığı olmadan ədalət naminə, işin halları nəzərə alınmaqla onları həbsdən azad edə bilməz. Çünki işdə olan qüsurlar birinci hakimə də bəlli idi. O hakimlərlə bu hakimlər arasında çox az fərq var. Sadəcə, ümidimiz ola bilər ki, yuxarıdan göstərişlə azadlığa buraxıla bilərlər. Başqa bir ümidimiz yoxdur.
Adnan Hacızadənin atası Hikmət Hacızadə isə “Amerikanın səsi” radiosuna bloggerlərə qarşı istintaqın və məhkəmənin mövqeyini “ədalətsizlik” adlandırıb. Onun fikrincə, bu söz azadlığına qarşıdır. “Hələ ki, istintaq getmir. Uşaqlarımız həbsdədir. Hər-hansı yenilik yoxdur”.
O, gənc bloggerlərə qarşı istintaqın və məhkəmənin mövqeyini “ədalətsizlik” adlandırıb. “Bu söz azadlığına təpkidir. Reallıqda doğrudan da mən indiyədək başa düşə bilmirəm ki, bunları niyə həbs ediblər. Çünki onların fəaliyyəti kəskin və radikal deyil. Ölkədə qəzetlər necə karikaturalar dərc edir, necə şerlər dərc edir. O səviyyədə təhqir Adnanın çıxışlarında olmayıb. Adnanı nəyə görə tutublar? Bu sualın qarşısında çaş-baş qalmışıq. Görünür, ümumən gənclərrə və azad fikirli insanlara “dərs” üçün onları həbs ediblər”, - deyə o qeyd edib.
Cənab Hacızadə Adnan Hacızadəyə ailə üzvləri ilə görüş verilmədiyini də deyib.
ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti isə bildirib ki, Adnan Hacızadə və Emin Millinin xuliqanlıq ittihamı ilə əsassız həbsi Azərbaycanda söz azadlığının can verdiyinə dəlalət edir.
Cənab Haraştiyə istinadən Reyter agentliyinin yaydığı məlumatda deyilir ki, gənc, tənqidçi ruhlu blogerlərin günahı yoxdur. “İşdə blogerlərin xuliqanlıq etmədiyini, əksinə, basqın obyekti olduğunu təsdiq edən kifayət qədər şahid var. Onlara qarşı basqın faktı ilə əlaqədar polisə müraciət etdikdə isə polis gəncləri həbs edib. Bu, Azərbaycanda adi işdir. Bütün bunların nəticəsi kimi redaktorların korrupsiya və insan hüquqları məsələlərini işıqlandırmaq istəyi boğulur. Beləliklə, ictimai hadisələrin müzakirəsi azadlığı məhv olur”.
Xüsusi nümayəndənin dediyinə görə, Azərbaycanda həbs edilmiş jurnalistlərin sayı ATƏT-in istənilən ölkəsindən daha çoxdur. “ Hüquq-mühafizə orqanları jurnalistləri zorakılıqdan qorumaq əvəzinə onları həbsə atmaq üçün belə metodlardan istifadə edir”, - deyə cənab Haraşti qeyd edib.
Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatının baş katibi Jan-Fransua Juyar Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayıb. “Güman edirik ki, blogerlərə qarşı ittiham əsassızdır. Qapalı məhkəmənin 10 iyul tarixli qərarı gənclərin vəkillərinin fikri nəzərə alınmadan qəbul edilib. Biz bunu onların əsas hüquqların kobud şəkildə pozulması hesab edirik. Sizi israrla prokurorluqla əlaqə saxlamağa və onlara qarşı irəli sürülmüş ittihamları ləğv etməyə çağırırıq”-deyə məktubda bildirilir.
Bakıda səfərdə olan ATƏT-in baş katibi Mark Perrin de Brişambo da “Amerikanın səsi” radiosunun sualının cavabında blogerlərin həbsdən azad edilməsi ilə bağlı dövlət rəsmiləri qarşısında məsələ qaldırdığını deyib. “ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, həmçinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sədri blogerlərin həbsi ilə bağlı Azərbaycan xarici işlər nazirinə məktub göndərib. Dövlət rəsmiləri ilə görüşlərimdə mən də bu məktublara istinad etdim. Media azadlığı üzv ölkələrin ATƏT qarşısındakı öhdəliklərindən biridir və ümid edirəm ki, Azərbaycan rəhbərliyi bu məktubları nəzərə alacaq. Üzv ölkələrdə qanunun aliliyi əsas götürülməli və ona əməl edilməlidir. Düşünürəm ki, mənim dediyim eşidildi və başa düşüldü”, - deyə baş katib vurğulayıb.