"Bizim mövqeyimiz belədir ki, cəbhə xəttində və işğal olunmuş ərazilərdə yanğınların dayandırılmasına nail olaq». Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın işğal altında olan ərazilərində baş verən yanğınlarla bağlı danışarkən bildirib. Onun sözlərinə görə, yanğınlara görə məsuliyyəti Azərbaycan ərazilərini işğal etmiş tərəf daşıyır və Azərbaycan bu məqsədlə müxtəlif beynəlxalq qurumlara müraciət edib.
Nazir Azərbaycanın yanğın zonasında erməni tərəfinin iştirakı ilə ekoloji əməliyyat keçirilməsini istədiyini deyib. Onun fikrincə, belə əməliyyat BMT-nin ekoloji bölməsi tərəfindən təşkil edilməlidir.
Cənab Məmmədyarov bu gün Bakıda səfərdə olan İordaniya xarici işlər nazirilə Livanda Azərbaycan sülhməramlılarının iştirakı ilə bağlı müzakirələr aparıldığını deyib. Eyni zamanda, o bu mövzuda danışmağın hələ tez olduğunu diqqətə çatdırıb.
Nazir «İrana qarşı sanksiyalar tətbiq edilərsə, Azərbaycan bunu dəstəkləyəjəkmi» sualına birmənalı cavab verməyib. Cənab Məmmədyarov İranın rədd cavabının hələ ABŞ tərəfindən öyrənildiyini deyib.
O Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu nizamlanması üzrə növbəti görüşü ilə bağlı müzakirələrin davam etdirlldiyini bildirib. Onun gümanınca, xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sentyabrda baş tuta bilər.