Bu gün Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun ad günüdür. Onun 41 yaşı tamam olur. Elmar 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onu qətlə yetirənlər hələ də tutulmayıb, qətlin sifarişçiləri də müəyyən edilməyib.
Ad günü münasibəti ilə ilk öncə Amerika təhsil mərkəzində ilk dəfə olaraq jurnalistin xatirəsinə həsr edilmiş "Elmar mükafatı"nın təqdimatı olub. Mükafat Fondunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.
ABŞ səfirliyinin təmsilçisi Dmitri Taraxovski bildirib ki. Elmar Hüseynov azadlıq simvoludur və onun qatilləri bir gün mütləq tapılacaq.
Çoxsaylı jurnalistlər, ictimai, siyasi xadimlər Elmar Hüseynovun məzarını da ziyarət edib. "Müsavat" partiyasının başqanı İsa Qəmbər Hesab edir ki, Elmar Hüseynovu qətlə yetirən cinayətkar qrupa yüksək vəzifəli şəxslər rəhbərlik edir. Onun fikrincə, insanlar Elmar Hüseynovu qətlə yetirənləri öz qəlblərində artıq məhkum edib.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseyn hakimiyyəti Elmar Hüseynova abidə qoyulması məsələsini həll etmədiyini deyib. Çoxsaylı ziyalılar, jurnalistlər, ictimai xadimlər jurnalistin abidəsinin qoyulması üçün imza atıb. O Azərbaycan hakimiyyətindən fərqli olaraq yaxın zamanda Elmarın abidəsinin xarici dövlətlərdə ucaldılacağını deyib.
Oğlum Elmarın qətli ilə bağlı hər hansı istintaq işi getmir və faktiki olaraq, istintaq dayandırılıb. Bu sözləri isə Elmar Hüseynovun atası Sabir Hüseynov Amerikanın səsi radiosuna bildirib. Onun sözlərinə görə, ailə üzvləri yalnız üç il öncə bir dəfə istintaqa dəvət olunublar və o vaxtdan ailə üzvlərinə hər hansı məlumat verilmir.
Elmar Hüseynovun keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirilməsi barədə banda başçısı Hacı Məmmədovun məhkəmədə verdiyi bəyanata münasibət bildirən Sabir Hüseynov buna inanmadığını bildirib.