2007-ci ildə "Azəriqaz " Səhmdar Cəmiyyəti 10 milyard 157 milyon kubmetr qaz qəbul edib. Bunun 9 mlrd 107 milyonu ARDNŞ-dən, 1 mlrd 50 milyon kubmetri isə yeraltı qaz anbarlarından götürülüb. Əhalinin, iqtisadiyyatın, elektrik stansiyalarının qaza olan tələbatı tam ödənilib. Bu barədə "Azəriqaz" Qapalı Tipli Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov bu gün "Yeni Azərbaycan" partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il yeraltı qaz anbarlarına 866 mln kubmetr qaz vurulub. "Bununla yanaşı, yeraltı anbarlarda əvvəlki ildən 344 mln kub. metr qaz olub və ümumilikdə yeraltı anbarlarda 1 mlrd 310 mln kub metr qaz ehtiyatı olub ".
Ə.Məlikovun sözlərinə görə, 2007-ci ildə ümumilikdə 5 mlrd 300 mln kubmetr qaz satılıb və bunun qiyməti 317 mln manat təşkil edib. "Nəticədə 178 mln manat vəsait toplanıb. Bu satılan qazın qiymətinin 56 faizini təşkil edir. Əhali sektoruna satılan qazın həcmi 2 mlrd 48 mln kubmetr təşkil edib, əhalidən qaz pulu yığımı 96 mln manat, yəni 58,8 faiz təşkil edib".
O bildirib ki, 2007-ci ildə abonentlərin 95,4 faizi qaz sayğacı ilə təmin edilib və yaxın aylarda qaz sayğacı quraşdırılması başa çatacaq. "Eyni zamanda, Gəncədə 14.000, Bakının Əzizbəyov rayonunda 1000, Sumqayıtda isə 1500 abonent smartkart sayğacları ilə təmin edilib. İlin sonunadək Gəncədə olan 60000 abonentin hamısı smartkart sayğaclari ilə təmin ediləcək. İndiyədək bu şəhərdə smartkart sayğaclara 2 mln manat xərclənib, bundan sonra şəhərin tam təmin olunması üçün 11 mln manat əlavə vəsait tələb olunur. Növbəti illərdə bu sayğaca üstünlük veriləcək. 1 smartkart sayğacı, kartı ilə birgə 160 manata başa gəlir".
Ə.Məlikov 2007-ci ildə 1000 abonentin sayğaca müdaxilə etdiyinin müəyyənləşdirildiyini bildirib.
"Azəriqaz" prezidentinin dediyinə görə, qaz kəmərlərinin keçdiyi ərazilərdə 2007-ci ildə qanunsuz tikililərin sayı 410 ədəd artıb və ümumilikdə 4800-ə çatıb. "İl ərzində 84 qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmə qərarı olub, 14-ü icra edilib. 71 qanunsuz tikili isə başqa orqanlar tərəfindən sökülüb.
Yaxın günlərdə Sumqayıtda yeni tikilən elektrik stansiyası üçün kəmər çəkilişi başa çatacaq. Bu kəmərin üzərindəki 40 qanunsuz tikili də artıq sökülüb".
O, Bakı və ətraf kəndlərdə qazla bağlı problemin aradan qaldırılması üçün 71 layihənin həyata keçirildiyini deyib. "Bakı və ətraf kəndlərin qaz təminatını yaxşılaşdırmaq üçün 270 kilometr yeni qaz kəməri çəkilib".
Ə.Məlikov bildirib ki, bu ilin yanvarında Ağcabədi rayonuna qazın verilməsi bərpa edilib. "2008-ci ilin sonunadək Beyləqana və sonra isə Horadizə qaz kəməri çəkiləcək".
"Azəriqaz"ın prezidenti qazın tərkibinin tələb olunan səviyyədə olmadığını deyib. "Məsələni ARDNŞ qarşısında qaldırmışıq. Energetika Nazirliyinə müraciət etmişik. Bunun həlli üçün ayırıcı kiçik stansiyalar tikiləcək".
Bununla yanaşı, qeyri-hökumət təşkilatları əhalinin qazla təchizatında ciddi problemlərin olduğunu bildirir. Onların fikrincə, əhali keyfiyyətli və fasiləsiz qazla təmin edilmir. Vətəndaşların sosial hüquqlarının müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev qaz təchizatı sahəsində şəffaflığın olmadığını diqqətə çatdırıb.
Cənab Əliyev bahalı qaz sayğacların quraşdırılmasına da ehtiyac görmür. Onun fikrincə, belə böyük layihələrin həyata keçirilməsi üçün əhalinin fikri nəzərə alınmalıdır. Çünki “Azəriqaz” dövlət müəssisəsidir.