Ilham Əliyev Qərbə inteqrasiya siyasətini davam etdirmək niyyətindədir

“Yeni Azərbaycan partiyası beş il ərzində həyata keçirilən siyasi xəttin davam etdirilməsi mövqeyindən çıxış edir. Beş il ərzində prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas qayəsi Azərbaycanı qüdrətli dövlətə çevirmək, Azərbaycan cəmiyyətini müasirləşdirmək və hər bir vətəndaşa layiqli həyat təmin etmək şüarları üzərində qurulub. Bu barədə “Yeni Azərbaycan” partiyasının sədr müavini, prezidentliyə namizəd, hazırkı prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, növbəti beş il üçün cənab Əliyevin başlıca seçki şüarı “İlhamla irəli!” tezisində əksini tapır. “Bu tezisin irəli sürülməsi ötən beş ildə həyata keçirilən siyasətin sürət və vüsətlə yeni şəraitdə reallaşdırılmasını nəzərdə tutur. Beləliklə də prezident İlham Əliyevin Azərbaycanı gücləndirmək və qüdrətləndirmək xətti həyata keçiriləcək və iqtisadiyyatın yüksəlməsi zəminində vətəndaşların zəngin həyatının təmin edilməsi xətti yeridiləcək”. Cənab Əhmədov İlham Əliyevin xarici siyasət kursununda bundan öncəki beş il ərzində yeridilən kurs olacağını deyib. “Bu xarici siyasət xətti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə gətirib çıxardı. Eyni zamanda, dəyişən dünyanın inkişaf meyllərinə uyğun şəkildə xarici siyasət xəttində müəyyən yeni nüansların ortaya çıxacağını da nəzərə almaq lazımdır. Bu hər şeydən öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı regionda yaranmış şəraitin ortaya çıxardığı yeni reallıqların nəzərə alınmasıdır”. Səlahiyyətli nümayəndə İlham Əliyevin xarici siyasət konsepsiyasında qonşu dövlətlərlə mehriban münasibətlərin əsas yer aldığını bildirib. “Digər tərəfdən Azərbaycan çox müxtəlif siyasi qütblərdə duran ölkələrlə qonşudur. Bununla belə, Azərbaycan normal qonşuluq münasibətlərini davam etdirmək niyyətindədir”. Onun dediyinə görə, Azərbaycan qərbə, müasir dünyaya inteqrasiya xəttini bundan sonra daha qətiyyətlə, daha səylə davam etdirəcək. “Biz qəti şəkildə etiraf edirik ki, Azərbaycanın gələcəyi dünya birliyinə sürətlə inteqrasiyadadır. Dünya birliyinin əsas dəyərləri də qərb dəyərləri üzərində kökləndiyindən təbii ki, Azərbaycanın növbəti beş ildə də bu istiqamətdə xarici siyasət yeritməsi özünü göstərəcək”. Cənab Əhmədov YAP-ın namizədinin daxili siyasətdə iki fundamental prinsipi əsas tutduğunu deyib. “Azərbaycanın qarşısına qoyduğu ideyaların yerinə yetirilməsi dayanıqlı və möhkəm vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Azərbaycançılıq ideyası zəminində bu prinsipin həyata keçirilməsi daxili siyasətdə bundan sonra da üstünlük təşkil edəcək. Digər fundamental prinsip isə demokratiya və plüralizmin vətəndaş cəmiyyəti ideyasının daha da möhkəmləndirilməsidir. Bu isə öz növbəsində ölkəmizdə sağlam əsaslarla fəaliyyət göstərən demokratiyanın, fikir plüralizminin çoxluğunu nəzərdə tutur”. O müxalifət düşərgəsinin parçalanmasından təəssüfləndiyini bildirib. “Bu Azərbaycanın demokratik inkişafına əngəl törədən gerçəkliklərdən biridir. Azərbaycan hakimiyyəti və “Yeni Azərbaycan” partiyası olaraq biz, sağlam demokratik qüvvələrin sağlam ideyalar və müxalifətçilik prinsipləri əsasında formalaşmasını nəzərdə tuturuq. Növbəti beş ildə yeni müxalifətçilik ideyası daxili-siyasi proseslərdə əhəmiyyətli yerini tutacaq”. YAP sədrinin müavini müxalifətin seçkiləri boykot bəyanatlarına da münasibət bildirib. “Bir sıra müxalifət nümayəndələri seçkilərdə iştirak edir. Digər bir həqiqət ondan ibarətdir ki, bir sıra müxalıfət partiyalarının nümayəndələri qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edib. Onlar seçkilərdə iştirak etmədiklərinin həqiqi səbəbini gizlədərək, bunu seçkilərin boykot edilməsi kimi cəmiyyətə təqdim edir. Əlbəttə səmimi olardı ki, seçkilərə qatılmaq iqtidarında olmayan müxalifət partiyaları bunun həqiqi, real səbəblərini cəmiyyətə açıq şəkildə etiraf edəydilər. Amma təəssüf ki, onlar yenə həqiqi olmayan və yenə Azərbaycanın maraqlarına xidmət etməyən bir yolu seçib”. O seçkilərdə İlham Əliyevin kifayət qədər çox səs toplaya biləcəyinə əmindir. “Bunu Azərbaycan cəmiyyətinin ovqatı, əhali və seçicilər arasında dəfələrlə keçirilən sosioloji sorğuların nəticələri də birmənalı şəkildə təsdiqləyir”.