Prezident İlham Əliyev 59 nəfər barədə əfv fərmanı imzalayıb.
Fərmana görə, 51 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 6 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən, 1 nəfər islah işləri cəzasından azad edilib, 1 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
“Hazırki əfv fərmanı və bütün əvvəlki fərmanlar Azərbaycanda siyasi məhbuslar və vicdan məhbusları problemini həll etmir. Əksinə həbsdən azad edilənlərdən çox insan siyasi motivlərlə həbs edilir”. Əfv fərmanını Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus “Amerikanın səsi” radiosuna belə şərh edib.
Onun sözlərinə görə, əfv siyahısında həbsdə olan jurnalistlərin adı yoxdur, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı insanlardan isə yalnız 5 nəfər azadlığa çıxıb.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev jurnalistlərin əfvini gözləməyin sadəlövlük olduğunu deyib. Onun fikrincə, problemin həlli hökumətin “məqaləyə görə jurnalist həbs olunmaz!” prinsipini qəbul etməsindən keçir.
Hüquq müdafiəçisi Rəna Sadəddinova fərmanı "cansıxıcı" adlandırıb. “Hüquq müdafiəçilərinin və ölkə ictimaiyyətinin bütün səyləri boşa çıxıb. Ruslan Bəşirli, Rasim Əkbərov, Natiq Əfəndiyev və digər məhbuslar, o cümlədən jurnalistlər azad edilməyib. Buna əsas səbəb illərlə siyasi məhbuslar üzrə məruzəçi məsələsinin həllini təxirə salan Avropa Şurasının mövqeyində möhkəm olmamasıdır”-deyə o qeyd edib. .
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik də jurnalistlərin həbsdən azad edilməməsinə təəssüflənir.