Bakıda məscidə qumbara atıblar, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb   

Dünən axşam Bakıda namaz vaxtı “Əbu Bəkir” məscidinə qumbara atılması nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. “Əbu Bəkir” məscidində əsasən vəhabi icması ibadət edir. Dünən daxili işlər və milli təhlükəsizlik nazirləri hadisə yerinə gəlib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev “Amerikanın səsi” radiosuna bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla adam öldürmə və qanunsuz odlu silah saxlama maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin yüksək ixtisaslı əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanan yoxdur.

Öz növbəsində müstəqil ekspertlər baş vermiş hadisəni qabaqcadan hazırlanmış terror kimi qiymətləndirir. “Təhlükəsizlik” Araşdırmalar mərkəzinin direktoru İlham İsmayıl hesab edir ki, Bakıda baş verənlərə İraqda şiə məscidində baş verən terror aktının fonunda qiymət vermək lazımdır. Onun sözlərinə, son yüz ildə Azərbaycanda ilk dəfədir ki. məsciddə dindarlara qarşı bomba hücumu qeydə alınır.

Ekspert Əbu Bəkir məscidinə bomba hücumuna daha çox təriqətlərarası mübarizənin nəticəsi kimi baxır.

“Əbu Bəkr” kimi tanınan məsciddə baş verənlər iki qrup arasında yaranmış narazılığın nəticəsidir. Oradakı qrupların bir-birini qəbul etməməsi belə hadisənin baş verməsinə səbəb olub. Lakin bu, dini problem kimi ortaya çıxmamalıdır”. Bu baəyanatı isə APA agentliyinə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə verib.

Onun sözlərin görə, burada baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz.
Bu gün ABŞ-ın və İsrailin Azərbaycandakı səfirlikləri də məscidə bomba hücumunu qınayan bəyanatlarla çıxış edib. Hər iki səfirlik həlak olanların ailələrinə baş sağlığı verib və cinayətə görə məsuliyyət daşıyanların tezliklə tapılacağına və cəzalandırılacağına ümid edir. “Azərbaycanın dini həmrəyliyi, dözümlülüyü ilə tanınır və bu hadisə insanlığa qarşı yönəldilib. ABŞ Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir”-deyə Amerika səfirliyinin bəyanatında qeyd olunur.