Don Lu: Xarici radioların yayımına nail olmaq üçün Böyük Britaniya və Avropa dövlətləri ilə məsləhətləşmələr aparılır

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Don Lu “Amerikanın səsi” radiosuna müsahibə verib.

Sual: Xarici radiolara qulaq asırdınızmı? Bu radioların yerli tezliklərdə yayımının dayandırılması Sizə necə təsir edib?

Cavab: Həmişə olduğu kimi xarici radiolara qulaq asmaq üçün radionun düymələrini yenə basıram. Çox təəssüf ki. hökumət artıq dediyini edib, “Amerikanın səsi”, “Azadlıq”, BBC və Avropa+ yerli tezliklərdə yayımlanmır. Bu radiolar Azərbaycan və azərbaycanlılar üçün çox vacib bir informasiya mənbəyi idi. Biz Milli Teleradio Şurasının FM tezliyində radioların yayımının dayandırılmasından çox böyük təəssüf hissi keçiririk. ABŞ hökuməti olaraq çalışırıq ki, radioların yayımı davam etsin və yayım Azərbaycan qanunvericiliyinə uyğun davam etsin.

Sual: Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri bildirib ki, xarici radioların FM-də yayımı söhbət mövzusu deyil. Radioların alternativ yollarla yayımının davam etdirilməsi ilə bağlı danışıqlar aparıla bilər. Sizin münasibətiniz?

Cavab: Bakıdakı bir çox insanlar kimi mən də, vaxtımın çoxunu avtomobildə keçirirəm. Avtomobildə olarkən nə internetə, nə qısa dalğalara, nə də peykə çıxışın olmur. Təbii ki, ən rahat yol FM tezliyində radioya qulaq asmaqdır. Ona görə də biz gününü avtomobildə keçirənlərin hüquqları uğrunda mübarizə aparırıq.

Sual: Yəni bunu FM tezliyinin qaytarılması uğrunda mübarizə kimi başa düşmək olarmı?

Cavab: ABŞ hökuməti bu məsələdə sadiqdir. Həm Böyük Britaniya, həm də Avropa dövlətləri ilə məsləhətləşmələr aparılır ki, FM tezliyinin qaytarılmasına nail olaq. Bir daha xatırladım ki, tapılacaq həll yolu Azərbaycan qanunvericiliyinə uyğun olacaq. Biz bunu Azərbaycan hökuməti və ictimaiyyəti qarşısında da bəyan etmişik.

Sual: Bir çox ekspertlər hesab edir ki, Azərbaycanda xarici radioların FM tezliyində yayımının bərpası üçün siyasi qərar lazımdır. Bunu üçün iki dövlət arasında Saziş imzalanmalı və daha yüksək səviyyədə siyasi qərar qəbul edilməlidir. Bu mümkündürmü?

Cavab: Azərbaycan hökuməti ABŞ hökuməti və radiolarla bağlı danışıqlar aparmağa açıqdır. Bu müzakirələr bu həftə ərzində də davam etdiriləcək. Siyasi və ya texniki olmasından asılı olmayaraq ABŞ qərarın verilməsinə tərəfdardır.

Sual: Azərbaycan tərəfi alternativ variantlardan danışır. Sizin fikrinizcə alternativ variant nə ola bilər?

Cavab: Biz bağlanmış tezliklərdə radioları yenidən dinləməyə daha çox üstünlük veririk. Etiraf edim ki, həm müxalifət, həm də iqtidar yönümlü medianı oxuyuram. Radio isə o vasitədir ki, informasiyaları nə iqtidar, nə də müxalifət yönümlü olur. Ümidvaram ki, bu vasitədən gələcəkdə yenə istifadə edib müstəqil xəbərlər eşidəcəyik.

Sual: Dövlət Departamenti illik hesabatında Azərbaycanda söz azadlığının pisləşdiyini bildirib. Bir sıra ekspertlər isə xarici radioları Azərbaycanda söz azadlığının axırıncı adası adlandırır. Siz necə düşünürsünüz?

Cavab: Azərbaycanda demokratiyanın və azad sözün inkişafı üçün potensial var. Demokratiyaya gedən yol çox uzundur. Yəni xalqın istədiyi demokratiyaya aparan yol çox uzundur və ABŞ üçün də bu yol uzunmüddətli olub. Azərbaycan da demokratiya yolunu, üslubunu aydınlaşdıracaq. Bu nə Amerikanın təbliğ etdiyi, nə də qərbin seçdiyi demokratiya üslubu olacaq. Ümid edirik ki, Azərbaycanın demokratiya konsepsiyası özündə azad söz anlayışını və dəyərini ehtiva edəcək. Bu isə öz növbəsində azərbaycanlılara və burada yaşayan xaricilərə sözlərini qorxmadan ifadə etməyə imkan yaradacaq. Düşünürəm ki, “Amerikanın səsi”, “Azadlıq”, BBC-də gedən verilişlər azad sözün işartıları idi və yaxşı nümunə idi. Bu radiolar yayıma qayıtmasa böyük təəssüf hissi keçirəcəyik.