“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə təqdim edilib.
Sənəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması, qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, maliyyə sisteminin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə olunmasını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlib. Qanuna görə, çirkli pullarının leqallaşdırılmasının aşkarlanması üçün bir qayda olaraq monitorinqlər keçiriləcək.
”Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl “Amerikanın səsi” radiosuna müsahibəsində sənədin işləmə mexanizminin olmadığını bildirib. Onun fikrincə, bundan öncə ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı qurumlar yaradılıb. “Ancaq Azərbaycan hələ də korrupsiyanın səviyyəsinə görə, dünyada ən yüksək yerlərdən birini tutur”.
Ekspertin fikrincə, banklar vasitəsi ilə pul köçürmələrinə nəzarət etmək çox çətindir. Eyni zamanda, o hesab edir ki, bir çox hallarda çirkli pullar ölkədən xaricə çıxarılır və sonradan yenidən xarici investisiya kimi geri qaytarılaraq leqallaşdırılır.
Cənab İsmayıl həmçinin çirkli pulların yeni binaların tikilməsi və maşın mexanizmlərin alınması vasitəsi ilə leqallaşdırıldığını deyib.