Ermənistan-Azərbaycan cəbhəsində insan tələfatı qeydə alınır

Ermənistan-Azərbaycan cəbhə xəttində 1994-cü ildən qorunan atəşkəs rejiminin pozulması halları son günlər geniş miqyas almaqdadır. Son bir həftə ərzində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələri 5 əsgər itirib. Bir neçə hərbçi isə yaralanıb. Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dünən Ermənistan Silahlı Qüvvələri cəbhənin Tovuz, Füzuli, Daşkəsən, Tərtər rayonu istiqamətində atəşkəsi pozub. Nəticədə bir əsgər həlak olub, biri isə yaralanıb. Nazirliyin mətbuat xidməti həmçinin dünən erməni tərəfinin Ağdam rayonunun Əfətli kəndində mülki şəxsləri atəşə tutduğunu bildirir. Nəticədə iki sakin həlak olub, iki nəfər yaralanıb. Atəşkəsin pozulma səbəblərinə gəlincə Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətin diqqətini Yerevandakı gərginlikdən yayındırmaq üçün son günlər atəşkəs rejimini pozduğunu bildirir. Ermənistan tərəfi isə deyilənləri qəbul etmir. Azərbaycanın Ermənistanda baş verən gərginlikdən yararlanmağa çalışdığını deyir. Müstəqil politoloq İlqar Məmmədov hesab edir ki, ərazisi işğal altında olmasına baxmayaraq Azərbaycan neçə illərdir ki, danışıqlara sadiq olduğunu nümayiş etdirib. Onun fikrincə, hazırda Ermənistan daxili gərginliyi azaltmaq və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün bu addımı atır. Politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu dərhal məsələyə aydınlıq gətirməlidir. Çünki bu halın davam etməsi qərbin regiondakı maraqlarının əleyhinə, Rusiyanın xeyrinədir.