İranın “Buşer” AES-i üçün aparılan yüklər Azərbaycanda saxlanıb

Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə, artıq üç həftədir ki, Azərbaycan-İran sərhədində İranın “Buşer” AES-i üçün Rusiyada istehsal edilən istilik izolyasiya avadanlığını daşıyan maşın karvanı saxlanıb. Azərbaycan sərhədçiləri martın 29-dan etibarən maşınları “Astara” sərhəd keçid məntəqəsində saxlayıb. Agentlik Rusiya gömrük xidmətindəki mənbəyə istinadən bildirir ki, yüklər bütün ixrac nəzarəti prosedurunu keçib və bunlara BMT-nin İrana qarşı sanksiyası çərçivəsində baxıla bilməz, yəni Buşer AES-in adı sanksiyadan çıxarılıb. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə Azərbaycanın yükün xarakterini açıqlamaq xahişi ilə Rusiya tərəfinə müraciət etdiyini bildirib. O, eyni zamanda, bu yüklərə BMT-nin İrana qarşı sanksiyasının aid edilib-edilməməsinin dəqiqləşdirilməsini vacib sayır.