Rusiyaya qarşı strateji güzəştlər yolverilməzdir. Amerika ötən əsrin 40-cı illərinin doktrinasına qayıtmalı və Rusiyaya qarşı sərt siyasət həyata keçirməlidir. Bu barədə Bakıda keçirilən mətbuat konfransında Amerikalı ekspert, ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvü Jiri Valenta bildirib.
Onun fikrincə, son dövrlər Rusiya “Brejnev doktrinası”nın davamı olan “Putin doktrinası”nı həyata keçirir.
“Qafqazda Rusiyanın apardığı siyasətə qlobal konteksdən yanaşmaq lazımdır. Söhbət ötən ilin avqustunda Gürcüstanda olduğu kimi, qonşu ölkələrə hərbi müdaxilə siyasətindən gedir. Bu siyasətin reallığını bu yaxınlarda Rusiya prezidentinə parlamentin icazə olmadan xarici hərbi müdaxilə həyata keçirməyə imkan verən yeni qanununda sübut edir”.
Ekspert hesab edir ki, Rusiya Gürcüstanı parçalamaq və ölkə rəhbərlini dəyişmək istəyir. “Moskvanın separatçı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Venesuela və Nikaraqua tərəfindən tanımasına nail olması Rusiyanın niyyətinin ciddiliyindən xəbər verir. Rusiyanın müəyyən dairələri Sovet imperiyasının bərpa edilməsi üzrə planlar qurur. Bu zaman Mərkəzi Asiyadan Avropaya enerji dəhlizinin keçdiyi, əks istiqamətdə isə Qərb demokratik dəyərlərinin yayıldığı Cənubi Qafqaz üzərində nəzarət qurulmasına böyük əhəmiyyət verilir”.
Cənab Valentanın fikrincə, Rusiya Gürcüstanda öz məqsədlərinə nail olsa, növbəti qurban Azərbaycan olacaq.
“Rusiyanın Gürcüstan üzərində nəzarətinin qurulması Azərbaycanın təcrid olunması demək olacaq. Rusiya Azərbaycanda yeni etnik separatçılıq yuvaları yaratmaqla təzyiq göstərə bilər. Buna görə, Azərbaycan Gürcüstana hər cür dəstək göstərməlidir”.
Ekspert bildirib ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya məsələsində Gürcüstan və Ukrayna ilə birgə fəaliyyət göstərməlidir. ”Rusiya Ukraynada da Moskvayönümlü rejim qurulmasına nail olmağa çalışır və hər yolla bu ölkəyə qarşı təxribatlara hazırdır. Lakin, Gürcüstandan fərqli olaraq, Ukraynaya qarşı Rusiya birbaşa hərbi müdaxiləyə əl atmağa risk edə bilməz. Ukrayna Fransa qədər əhalisi olan və güclü hərbi qüvvəsi olan ölkədir. Burada Sevastopol və Krım, eyni ilə də Qərbi və Şərqi Ukrayna problemləri aktualdır”
Ekspert hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi münaqişə Rusiyanın istəyi olmadığına görə həll edilmir. “Mən bu mövzuda hələ mərhum Boris Yeltsinlə danışmışdım. O, problemin həllini çox istəyirdi, amma güc qurumları münaqişənin saxlanmasında maraqlı idi”.
Ekspertin fikrincə, Azərbaycan və Ermənistan rəhbərləri, vaxtilə Misir və İsrail liderləri – Ənvər Sədat və Menahem Beginin razılıq əldə etdiyi kimi, cəsarətli addım atmalıdırlar”.
ABŞ-ın xarici siyasətindən danışan cənab Valenta bildirib ki, ABŞ hələ 1970-ci ildə Amerika qitəsində hərbi müdaxilə nəzərdə tutan Monro doktrinasından imtina edib. “Strateji əhəmiyyətinə baxmayaraq, ABŞ Panama boğazı üzərində nəzarəti Panamaya qaytarıb”, deyə o qeyd edib.