Bakıda "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Birinci Tərəflər Konfransı açılıb. Konvensiya Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsini nəzərdə tutur.
Konfransda Konvensiya üzrə real fəaliyyətin başlanması üçün çox vacib olan sənədlər Konvensiyanın Tərəflər Konfransının Prosedur qaydaları, Konvensiyanın Maliyyə qaydaları və Təşkilati strukturu, o cümlədən Konvensiyanın Daimi Katibliyinin təşkil edilməsi üzrə qərarlar qəbul ediləcək.
Azərbaycanda ilk dəfə keçirilən bu tədbirdə bir sıra beynəlxalq təşkilatlarla yanaşı, İranın vitse prezidenti xanım F.Vaez Javadini, Türkmənistanın təbiəti mühafizə naziri cənab M.Akmuradov, Rusiya Federasiyasının təbii sərvətlər nazirinin müavini A.Varlamov, Qazaxıstanın ətraf mühitin mühafizəsi nazirinin müavini Z.Sarsembayevin və BMT Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktorunun müavini Ş.Kakahelin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edir.
"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə Konvensiyası" Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış və 2003-cü il 4 noyabr tarixində İranın paytaxtı Tehran şəhərində imzalanmışdır.