Bakı-Tbilis-Qars dəmir yolunun tikintisi başlayıb

Sabah Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları Bakı-Tbilis-Qars dəmir yolu bağlantısının tikintisinin Türkiyə hissəsinin təməl qoyma mərasimində iştirak edəcək. Dəmiryol xəttinin çəkilişi ilə bağlı 2007-ci il fevralın 7-də, Tbilisi şəhərində Türkiyə baş naziri, Azərbaycan və Gürcüstanın prezidentləri Saziş imzalayıb.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin ümumi dəyəri 422 milyon dollardır. Layihə əsasında Türkiyənin Qars şəhərindən Gürcüstanın Axalkalaki şəhərinədək 105 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkiləcək. Tikintiyə Türkiyə tərəfi 220 mln, Gürcüstan isə 202 mln dollar xərcləyəcək. Bundan başqa 160 kilometr uzunluğu olan Axalkalaki-Marabda yolu yenidən qurulacaq. Rekonstruksiya işlərinə Gürcüstan 90 milyon dollar sərf edəcək. Gürcüstanın maliyyə öhdəliklərini isə Azərbaycan ödəyib. Belə ki Azərbaycan hökuməti 25 il müddətinə 1 faiz olmaqla Gürcüstana 200 milyon dollar kredit verib.

Azərbaycan Dəmiryol idarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov "Amerikanın səsi" radiosuna tikinti işlərini Azərbaycan şirkətinin apardığını bildirib.

Onun sözlərinə görə, Axalkalaki-Marabda hissəsinin yenidənqurma işlərinin layihəsini Kiyev layihə institutu hazırlayır.

Cənab Əzməmmədov dəmir yol bağlantısına hazırda Ermənistan və İranın qoşulmasını real saymır. Ermənistan Azərbaycan ərazisini işğal edib və öz ərazisindən Naxçıvana və İrana gedən dəmir yol infrastrukturunu dağıdıb. İran isə şimal-cənub dəmir yolu dəhlizi reallaşandan sonra qovşaq vasitəsi ilə yük daşıya bilər.

Müstəqil ekspertlər də yeni dəmiryol bağlantısının perspektivlərinin səmərəli olacağına inanır. İqtisadi Tədqiqatlar mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, dəmir yolu xəttinin dünyanın mühüm ticarət partnyorları olan dövlətlərə çıxışı təmin edilərsə səmərəliliyi tez bir zamanda artacaq.

Ekspert gələcəkdə İranın və Rusiyanın bu dəmir yolu vasitəsi ilə yük daşıyacaqlarını da istisna etmir. Cənab Qubadoğluna görə, bunlar realdır.

O eyni zamanda Ermənistanın bu xətt vasitəsi ilə yük daşımasının qəti əleyhinədir. Çünki Ermənistanın siyasəti regional layihələrin əleyhinə yönəlib. Ekspert hesab edir ki, regional layihələrdə Azərbaycan aparıcı qüvvədir və Ermənistanın hərbi təcavüz siyasəti ilə inkişafa yönəlmiş iqtisadi layihələr tərs mütənasibdir. Ermənistan yalnız Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bu layihələrə qoşulmaq barədə düşünə bilər.

Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsi Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 21 fevral tarixli sənədinə əsasən "Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi"nə də daxil edilib. Sazişə Çətinkaya – Ərzurum – Qars – Axalkalaki dəmir yol bağlantısı ilə yanaşı Azərbaycan ərazisindən keçən digər mühüm dəmir yolu xəttləri: Tbilisi–Qardabani–Böyük-Kəsik– Bakı, Yerevan–Bərxudarlı–Qazax, Gümrü–Naxçıvan–Meğri–Ələt–Astara, Moskva–Volqoqrad–Həştərxan–Mahaçqala–Bakı hissəsinin də reabilitasiya-rekonstruksiyası Beynəlxalq Dəmir Yolu İttifaqının standartlarına uyğun həyata keçirilməsini də nəzərdə tutur. Bütün bu layihələrin inşası və reabilitasiya-rekonstruksiyası Azərbaycan və Türkiyənın maliyyə vəsaitləri hesabına həyata keçiriləcək. Sənəddə yük daşımalarının həcmi 5-ci istismar ilində 6 mln. ton, 10-cu istismar ilində isə 15 mln. tondan çox olacağı proqnozlaşdırılır.