Azərbaycan ikitərəfli təhlükəsizlik məsləhətləşmələrini davam etdirmək üçün Vaşinqtondan dəvət gözləyir 

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona Ermənistanda parlament seçkilərindən sonra gələcəklər. Xəbəri Turan agentliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova istinadən yayıb. Nazir jurnalistlərlə söhbətində bildirib ki, həmsədrlər regiona səfərinə qədər öz işlərinin qarfikini tərtib etmək üçün Avropa şəhərlərinin birində görüş keçirəcək. E.Məmmədyarov iyunun 10-da Sankt-Peterburqda prezidentlərin növbəti görüşü ilə bağlı Robert Köçəryanın bu günkü bəyanatını şərh etməyib. Eyni zamanda E.Məmmədyarov dövlət başçısı İlahm Əliyevin Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan iqtisadi forumda iştirak edəcəyini təsdiqləyib. E.Məmmədyarov Azərbaycan və Ermənistan XİN başçılarının son görşünün "yaxşı nəticələr" verdiyini, bununla belə "hələ açıq qalan məsələlər" olduğunu da bildirib. E.Məmmədyarov hələlik masa üzərində son sənədlər yox, üç səhifə həcmində tənzimləmə prinsipləri olduğunu izah edib və bütün prinsiplər razılaşdırıldıqdan sonra əsas müqavilə üzərində iş başlayacğını söyləyib. Təxirə salınmış təhlükəsizlik məsələləri üzrə Azərbaycan-ABŞ məsləhətləşmələrinin nə zaman başlayacağı sualına cavab verən E.Məmmədyarov məsələni bitmiş saydığını deyib və dəvət edən ölkə kimi ABŞ-dan təklif gözlədiklərini bildirib. Nazir həmçinin özünün mayın 2-də Brüsseldə NATO-nun 26+1 formulu üzrə görüşüə qatılacağını deyib. E.Məmmədyarov Brüsseldən birbaşa Mərakeşə, oradansa İlham Əliyevi rəsmi səfərdə müşayət etmək üçün Misirə səfər edəcəyini açıqlayıb.