«Azadlıq» siyasi bloku Azərbaycan hökumətini Avropaya inteqrasiyanı strateji seçim etməyə çağırıb

Müxalifətdə olan "Azadlıq" siyasi blokunun Sədrlər Şurasının bugünkü yığıncağında 2008-ci ildə keçiriləcək prezident seçkiləri, Avropaya inteqrasiya, Daxili İşlər nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun məhkəmə prosesi ilə bağlı müzakirələr keçirilib. AXCP sədri Əli Kərimli yığıncaqdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, «Azadlıq» bloku prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Ancaq, seçki komissiyaları paritet əsaslarla formalaşmayınca və demokratik seçkilər üçün şərait yaradılmayınca blok seçkilərə qatılmayacaq. O «Azadlıq» blokunda prezident seçkilərində vahid namizədlə iştirakla bağlı fikir ayrılığı olması haqqında yayılan məlumatları təkzib edib. "Azadlıq" bloku Azərbaycan hökumətini Avropaya inteqrasiya məsələsində strateji seçim etməyə və ölkənin Avropa Birliyinə daxil olmaq istəyini bəyan etməyə çağırıb. AXCP sədri hesab edir ki, Azərbaycan Avropa Birliyinin yeni qonşuluq siyasəti çərçivəsində fərdi fəaliyyət proqramının layihəsini ictimaiyyətə açmalıdır. Cənab Kərimli blokun sentyabrda ictimaiyyətin iştirakı ilə Azərbaycanın AB-yə inteqrasiya məsələsini müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan da qonşu Gürcüstan və Ermənistan kimi perspektivdə Avropa Birliyinə üzvülük məsələsini fəaliyyət proqramına daxil etməlidir. AXCP sədri Daxili İşlər nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun bandasının məhkəməsinin ölkənin hüquq- mühafizə orqanlarının kriminallaşmasının bir daha üzə çıxardığını deyib. Onun qənaətincə, bu bandaya Hacı Məmmədov və ya DİN Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov rəhbərlik edə bilməzdi. Öz növbəsində, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbərəi Vüqar Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri cinayətkar qrupu müdaifə deyil, ifşa etdiyini bildirib. O AXCP sədrinin ittihamlarını əsassız sayır. «Azadlıq» blokunun digər məsələlərlə bağlı bəyanatlarına isə nə hökumət rəsmilərindən, nə də iqtidar partiyasından cavab almaq mümkün olmayıb. Belə ki, bir çox rəsmilər ya istirahətdə olduğunu deməklə, ya da telefonunu qapamaqla cavabdan yayınıb.