Müxalifət partiyasının əmlakı qaytarılıb

Bu gün Ədliyyə nazirliyinin Məhkəmə İcraçıları İdarəsi polisin və mənzil istismar sahəsinin nümayəndəlirinin iştirakı ilə Azərbaycan Xalq Cəbhəsi partiyasının əmlakını özünə qaytarıb. Əmlakın qaytarılması prosesini ABŞ səfirliyinin demokratiya və siyasi məsələlər üzrə müşaviri Rebeka Neslund da müşahidə edib. AXCP, "Azadlıq" qəzeti, «Turan» Agentliyi və digər təşkilatlar ötən il dekabrın 24-də Xəqani küçəsi 33-də yerləşən ofislərindən çıxarılıb. Bundan sonar, partiyanın əmlakı Keşlə qəsəbəsindəki zavodun inzibati binasında polisin mühafizəsi altında saxlanılırdı. AXCP sədrinin müavini Fuad Mustafayev partiyanın bir sıra əşyalarının köçürülmə zamanı sıradan çıxdığını, istifadəsiz hala düşdüyünü bildirib. Onun sözlərinə görə, partiyaya dəyən ziyanla bağlı məhkəməyə müraciət edəcək. Sədr müavini həmçinin bəzi texniki avadanlıqların saxlanan əşyaların içərisində olmamasından da narahatdır. O əşyaların saxlanma zamanı və ya köçürülmə zamanı itdiyinin hələ məlum olmadığını bildirib. Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev əmlakın polis tərəfindən mühafizə olunduğunu və binanın açarlarının AXCP sədrinin köməkçisində olduğunu deyib. Onun sözlərinə görə, polis binanın içərisinə daxil olmayıb. Cənab Əliyev köçürülmə zamanı istifadəyə yararsız hala düşmüş əşyaların qiymətinin müəyyənləşdiriləcəyini və əşyaların qiymətlərinin bir həftə ərzində ödəniləcəyini diqqətə çatdırıb. ABŞ səfirliyinin demokratiya və siyasi məsələlər üzrə müşaviri Rebeka Neslund əmlakın təhvilinin çox normal və sakit vəziyyətdə həyata keçirildiyini bildirib. "Qarşıdakı həftələrdə razılaşdırılmamış məsələlərin necə həll olunacağını da müşahidə edəcəyik. Biz prosesi lap əvvəldən müşahidə edirik və sonda çalışacağıq ki, öz nəticələrimizi çıxaraq». Onun sözlərinə görə, çevik və fəaliyyətli demokratiyada müxalifətin çox əhəmiyyətli rolu var və müxalifət bu rolu oynamalıdır. "Qəragah məsələsi isə Azərbaycan hökumətindən asılıdır. ABŞ çalışır ki, dünya üzrə olduğu kimi Azərbaycanda da demokratik islahatlara dəstəyini versin". Müşavir həmçinin müxalifətin qiymətlərin artımına etiraz olaraq yanvarın 26-sı və 28-də keçirəcəyi mitinqlə bağlı «Amerikanın səsi» radiosunun sualına da cavab verib. O ABŞ-ın Azərbaycanda toplaşma hüququnun həyata keçirilməsi üçün hökumətin icazə verməməsinə təəssüflə yanaşdığını bildirib. «ABŞ uzun bir müddətdir ki, Azərbaycanda azad toplaşmaq hüququ ilə bağlı vəziyyəti çox ciddi müşahidə edir. Çox böyük təəssüflə qeyd etməliyəm ki, 2005-ci il noyabrın 26-dan hökumət heç bir nümayiş və etiraz aksiyasının keçirilməsinə icazə vermir. Demokratik islahatlar üçün azad toplaşmaq hüququnun reallaşdırılması çox vacib amildir».